
İdman Araşdırmalar Mərkəzinin (İAM) 41 KİV-in idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində İlin idman xadimi seçilən Azad Rəhimova xüsusi mükafat verilib. Sportnet.az xəbər verir ki, mükafatı nazirə İAM-ın sədri Elşən Məmmədov təqdim edib.
A.Rəhimov isə böyük mükafatla təltif olunduğunu bildirib: "Çox sağ olun. Bu, böyük mükafatdır. Amma qeyd etmək istərdim ki, bu, mənim işimdir. Mən bu işi bu gün də, sabah da layiqincə davam etdirəcəyimə və əlimdən gələni edəcəyimə söz verirəm. Çox şadam və mükafata görə çox sağ olun”.
Daha sonra nazir öz müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayevlə birgə müxtəlif nominasiyalar üzrə qalibləri mükafatlandırıb. "Qarabağ” ilin klub komandası, voleybolçu qadınlardan ibarət Azərbaycan millisi ilin yığma komandası kimi təltif olunub. Eyni zamanda 10 ən güclü mükafatçıya və idman ictimaiyyətinin digər nümayəndələrinə mükafatlar təqdim olunub.
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Azərbaycanın idman ölkəsinə çevrildiyini və digər ölkələrlə idman dilində danışmağa başladığını vurğulayıb. O, ölkədə idman və qeyri-olimpiya növləri arasında fərq qoyulmamasından razılıq ifadə edib.
Tədbir bədii hissə ilə davam etdirilib. Sonda nazir 10 ən güclü idmançı ilə birgə tort kəsib.