
"Günün işıqli vaxtını "Neftçi"yə, qaranlıq vaxtını ssenarilərə həsr edirəm"
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, "Arzuların ardınca" filminin ssenari müəllifi Mehman Rəsulovun Sportnet.az-a müsahibəsi
- Necə oldu ki, "Arzuların ardınca" layihəsi ərsəyə gəldi?
- Bildiyiniz kimi, idman mətbuatında çalışıram, əvvəllər ANS telekanalında, bu gün isə "Neftçi"də. Həmişə ədəbiyyata, xırda yazılara üstünlük vermişəm. Olub belə yazılarım. Filmin rejissoru Ramil Ağasıyev ilə tanışlığım yarandı. Əvvəllər elə də yaxın deyildik. Mən atamı xərçəng xəstəliyindən itirmişəm. Bu mövzuda nəsə yazmaq istəyirdim. Bu xəstəliyə günümüzdə uşaqdan-böyüyə çox rast gəlirik. Mövzunu Ramil təklif etdi, ideyanı verdi. Mən də yaza biləcəyimi düşündüm. Yazdım, ona təqdim etdim. Ssenarini bəyəndi və çəkilişlər başladı. Necə alındığına isə tamaşaçılar qiymət verəcək.
- Filmin mövzusundan bir az bəhs edərdiniz...
- Film melodram janrındadır. Baş rollarda olan oğlan ilə qız hər ikisi xərçəng xəstəliyindən əziyyət çəkir. Bu filmdə çalışmışıq ki, bir-birini sevən iki xəstə gəncin ömrünün son günlərini mənalını yaşaya biləcəyini tamaşaçılara çatdıraq. Yəni, insan xəstəxanada, çarpayıda deyil, həyatını istədiyi, arzuladığı kimi yaşaya bilər. Əsas mövzu budur. Sevginin xərcəngə qalib gəldiyini göstərməyə çalışdıq.
- Filmdə erotik səhnələrdən də istifadə edilib...
- Film melodram janrında olduğundan, söhbət qız-oğlan münasibətindən getdiyi üçün cəmiyyətdə rast gəlinən münasibətlər üzərinə qurulub. Elə də qeyri-adı bir şey yoxdur. Misal üçün öpüş səhnəsi var. Ancaq bu səhnələr bu gün dünya və Azərbaycan kinolarında istifadə edilən səhnələrdir. Yenilik etməmişik. Melodram janrının, münasibətin məntiqi sonluğudur. Sadəcə, "açıq-saçıq səhnə" sözü insanları cəlb edir və onları özünə çəkir. Ancaq elə deyil, baxanda görəcəklər.
- Ancaq açıq-saçıq səhnələr cəlb etsə də, tənqidi tərəfdən çox yanaşılır...
- Bu səhnələri Azərbaycanın və dünyanın ən yaxşı filmləri göstərir. Bu yaxınlarda "Bozun 50 çalarında" filmində də göstərildi. Ondan əvvəl də erotik səhnələrlə zəngin olan yetərincə film göstərilib. Ancaq bunlar tənqid olunmur. Çünki hansısa azərbaycanlı tamaşaçı çıxıb dünya səviyyəli rejissoru tənqid etsə, biz buna güləcəyik. Misal üçün, filan kino möhtəşəmdir. Ancaq oradakı hansısa açıq-saçıq səhnəni görüb tənqid etməyəcəkdilər. Halbuki, sağlam düşüncə sahibi onu da tənqid etməlidir. Biz özümüzə bu cür tənqidlə yanaşırıq. Tənqid həmişə lazımdır, mən bunun tərəfdarıyam. İstər üz-üzə, istərsə də sosyal şəbəkələrdə hər cür tənqidə açıq insanam. Rejissor Ramil Ağasıyev də həmçinin. Film sırf o səhnələrin üzərinə qurulmayıb. Gəlin, tərəzinin ağır gözünə də baxaq, digər tərəfinə də. İki insan arasında sevgi müqəddəsdirsə, məsələ bir öpüşlə bitməyəcək. Müqəddəs deyilsə, elə bir öpüşlə də bitəcək. Yəni, onu tənqid kimi qəbul etmirəm ki, orada hansısa səhnə var.
- Bu işin davamı gələcək? Yeni ssenarilər üzərində çalışacaqsınız, yoxsa bu, elə ilk və son olacaq?
- Var, başqa layihələr var. Ancaq bu barədə hələ çox danışmaq istəmirəm. Bu işi inşallah, uğurlu şəkildə təhvil verək. Tamaşaçılar tərəfindən sevilsə, yəqin ki, davamı gələcək.
- Bəs bu iş uğurlu olsa və davam etsəniz, idmandan, xüsusən, "Neftçi"dən uzaqlaşacaqsınız?
- İnsan cismən olduğu yerdə deyil, ruhən olduğu yerdədir. Bu gün mən futbolun içindəyəm, "Neftçi" iş yerimdir, klubumuzu sevirik, bacardığımız qədər uğurla işləyirik. Belə deyim də, günün işıqli vaxtını "Neftçi"yə, qaranlıq vaxtını ssenarilərə həsr edirəm.
- Artıq kluba da idman yox, qələm adamı rəhbərlik edir. Hansısa ssenarinizdə Çingiz Abdullayevdən məsləhət alardınız?
- Çingiz Abdullayevi hamımız "Neftçi"dən yox, daha əvvəldən yazıçı kimi tanıyırıq. Detektiv janrında kitabları var. Mən də bir neçə kitabını oxumuşam. Tək onun yox, bir neçə yazarın detektiv janrda kitablarını oxumuşam. Kitab yazarın özüdür. Çünki yazıçı əsərlərində müəyyən qədər özünü yaradır. Bir kitabı oxumaq onun yazarı ilə qiyabı və əyanı tanış olmaq deməkdir. Mən həmişə dövrümüzün və dövrümüzdə olmayan yazarlardan məsləhət almışam. Tutaq ki, mən Jan Pol Sartrın əsərlərini sevirəm, ancaq o, bu gün sağ deyil. Əvəzində onun kitabı mənə lazımlı məsləhətləri verir. Kitab dünyagörüşüdür, dünyaya açılan qapıdır. Kitab dünyanı görmədən dünyanı göstərən ən yaxın yoldur. Həmişə kitabların içində olmuşam, bundan sonra da olacağam. Bir yazıçının yanında olmaq üçün kitablarını oxumaq kifayətdir. Bəlkə də Çingiz Abdullayev mənə öz məsləhətlərini mən onun kitablarını oxuyanda verib. O ki qaldı canlı ünsiyyətə, əlbəttə, elə fürsət olsa, yenə onun düşüncələrini öyrənmək mənim üçün xoş olar.
Röya KƏRİMLİ

