"Bakı Boks Mərkəzində keçirilən böyüklər arasında Azərbaycan Respublikası çempionatı xüsusi əhəmiyyət daşıyır. Bu yarışlardan sonra artıq 2028-ci il Los Anceles Yay Olimpiya Oyunları üçün formalaşdırılacaq milli komandanın üzvləri müəyyənləşəcək. Bu baxımdan, çempionat bizim üçün son dərəcə vacibdir".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov deyib.
O, yarışda müxtəlif bölgələrin 33 komandasının ümumilikdə 166 boksçusunun yarışda iştirak etdiyini xatırladıb: "Son illər regionlarda idman infrastrukturlarının inkişafı ilə bağlı ciddi işlər görülüb. Ölkə və federasiya rəhbərliyinin diqqətinin nəticəsini bu çempionatda da aydın şəkildə görürük. Ümumilikdə ölkə rəhbəri cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq artıq Azərbaycan boksunda mühüm nailiyyətlər əldə olunur. Eyni zamanda, Azərbaycan Boks Federasiyasının prezidenti cənab Sahil Babayevin rəhbərliyi altında boksun regionlarda inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Ötən il Lənkəran şəhərində Cənub Regional Boks Mərkəzi istifadəyə verilib. Cari ildə isə Gəncə və Naxçıvan şəhərlərində yeni boks mərkəzlərinin inşası nəzərdə tutulur. Əminik ki, bu yatırımlar gələcəkdə Azərbaycan boksunun inkişafına ciddi töhfə verəcək".
- Ötən il Azərbaycan boksu üçün hansı nailiyyətlərlə əlamətdar oldu?
- 2025-ci il Azərbaycan boksu üçün uğurlu nəticələrlə yadda qaldı. Bildiyiniz kimi, Azərbaycan boks tarixində ən gənc dünya çempionu olan Sübhan Mamedov Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq çempion adına layiq görüldü. O, təkcə Azərbaycanın deyil, AİB-in mövcud qaydalarına əsasən dünyanın da ən gənc dünya çempionudur. Ağcabədi rayonundan olan bu gənc idmançının potensialı olduqca yüksəkdir. Onun kimi bir sıra gənc boksçularımız da dünya çempionatlarında iştirak ediblər. Qarşıda 2028-ci il Olimpiya Oyunlarına qədər kifayət qədər vaxt var və bu müddət ərzində onların peşəkarlığını daha da artıracağına inanırıq. Əminik ki, Paris olimpiadası ilə müqayisədə Los-Anceles-2028-də həm medal sayı, həm də əyarı daha yüksək olacaq.
– Çempionatda əcnəbi hakimlərin iştirakı diqqət çəkdi…
– Bəli, bu çempionata İtaliya, Argentina, Kuba və Mərakeşdən olan beynəlxalq səviyyəli hakimlər dəvət etmişik. Bunlar ən yüksək kateqoriyaya malik, 3 ulduzlu hakimlərdir. Beynəlxalq hakimlərin dəvət olunmasında əsas məqsədlərimizdən biri ədalətlilik prinsipinin təmin olunmasıdır. Ədalət olan yerdə inkişaf, artım və bərəkət də olur. Bununla yanaşı, ölkəmizdə kifayət qədər gənc və perspektivli hakimlərimiz var. Onların belə yüksək səviyyəli hakimlərlə birgə işləməsi böyük təcrübə qazanmalarına imkan yaradır. Bu baxımdan, beynəlxalq hakimlərin Respublika çempionatına cəlb olunması olduqca önəmlidir.
- Aparıcı boksçuların Azərbaycan çempionatında iştirak etməməsini necə şərh edərdiniz? Bu qərar çempionatın səviyyəsinə təsir etməyəcək?
– Xeyr, bu qərarın bir neçə əsas səbəbi var. Alfonso Domingesə qolundakı zədə səbəbindən istirahət verilib. Eləcə də Sübhan Mamedov noyabrın sonunda Avropa çempionu olduqdan sonra dərhal Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında iştirak edib. İdman mütəxəssisləri yaxşı bilirlər ki, müəyyən sayda döyüşdən sonra idmançılara istirahət vermək vacibdir. Bu, onların sağlamlığının qorunmasına xidmət edir. Məqsədimiz bu cür güclü boksçuları qorumaqdır.
Eyni zamanda, Məhəmməd Abdullayev fevral ayında keçiriləcək “Strandja” beynəlxalq turnirinə, aprel ayında isə Braziliyada baş tutacaq Dünya Kubokuna hazırlaşır. Dünya Kuboku hazırda Olimpiya Oyunlarına vəsiqə baxımından çox önəmlidir. Çünki artıq lisenziya yarışları deyil, reytinq xalları əsas götürülür. Bu baxımdan, Dünya Kubokundakı nəticələr olimpiadaya xallar verəcək. Onu da vurğulamalıyam ki, Alfonso Domingesin hazırkı reytinqi çox yüksəkdir. O, topladığı xallarla ən yaxın izləyicilərindən xeyli öndədir. Bu da ona olimpiadaya lisenziya qazanmaq daha rahat olacaq. Eləcə də digər gənc boksçularımız dünya reytinqində yerlərini müəyyən ediblər. Əminik ki, gələcək yarışlarda onlar da uğurla mübarizə aparacaqlar.
Digər tərəfdən, açığı, istəyirik ki, Respublika çempionatında daha çox gənc boksçular iştirak etsin, öz güclərini yoxlasınlar və təcrübə qazansınlar.
Haşım MƏMMƏDOV














































































