Azərbaycan karateçisi İrina Zaretska “moscow-baku.ru”nun suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- “Paris Open”də ikinci yeri tutdunuz. Qızıl medal üçün nə çatmadı?
- Qarşılaşmalar zamanı hər şey yetərli idi. İstədiyim kimi görüşlərim daha texnikalı, daha çox xalla keçidi. Finalda fransalı rəqibimə uduzdum. Bu qarşılaşmada sadəcə bəxtim gətirmədi. Fransada finalda fransalıya qarşı döyüşdüm. Sonda hakimlərin ona bir az kömək etməsinə imkan yaratdım. Bu da mənim günahımdır. Buna imkan verməməli idim. Görüş ümumilikdə mənim xeyrimə keçmişdi.
- Turnirdəki qələbə idmançıya nə verir?
- Təşkilatçılar bu il mükafat fondu təsis etmişdi. Mükafatçılar pul da alırdı. Ümumilikdə yaxşı start və mövsüm öncəsi texniki fəndlər üzərində çalışmaq imkanı oldu. Bu il Avropa çempionatı, Dünya Oyunları və İslam Həmrəylik Oyunları olacaq.
- Ötən il Azərbaycanda ilin idmançısı seçildiniz. Bunu necə qəbul etdiniz?
- Azərbaycanda bütün idman növləri arasında ən yaxşı idmançısı seçilmək böyük nailiyyətdir. Bu, mənim Azərbaycan adına qələbələr qazanmaq üçün çəkdiyim səyləri təsdiqləyir, məni daha da ruhlandırır, bütün respublikada qiymətləndirilir. Məni və nəticələrimi ən yaxşı seçənlərə təşəkkür edirəm.
- 2021-ci il sizin üçün nə dərəcədə uğurlu alındı? Hansı mükafatları ən uzun müddət gözlədiyiniz kimi fərqləndirərdiniz?
- 2021-ci il həqiqətən idman karyeramda ən möhtəşəmidir. Avropa və dünya çempionatında qələbə qazandım. Ən çox gözlədiyim Olimpiya medalı idi. O, hansı əyardan – qızıl, gümüş və ya bürünc olmasından asılı olmayaraq artıq tarixdir. Olimpiya medalı adımı idman tarixinə yazacaq. Olimpiada istənilən idmançı üçün ən yüksək zirvədir. Olimpiya medalı da ən çox gözləniləndir. Təəssüf ki, Paris-2024-də karate olmayacaq və mən qızıl medal qazanmaq imkanı əldə etməyəcəyəm. Amma digər turnirlərdə mübarizə aparacağam.
- Həyat yoldaşınız sizi necə dəstəkləyir?
- Məni federasiya, azarkeşlərim, yaxınlarım və əlbəttə həyat yoldaşım dəstəkləyir. O, hazırlıq prosesində həmişə mənimlədir. Tez-tez mənimlə yarışlara gedir. O da, ailəm də məni yarışlarda görməyə sevinirlər. Aleksandr Azərbaycanı tanıyır, bir neçə dəfə Bakıya birlikdə getmişik. İstirahət günlərini keçirmək və ya hər hansı tədbirdə iştirak üçün ora yollanmışıq. Mənim kimi onun da xoşuna gəlir. Təbii ki, şəhərdəki ab-hava, mətbəx. Dünyada ən yaxşı mətbəxdir.
- “Paris Open”dən sonra Bakıya gedəcəksiniz?
- Yəqin ki, yarışlara hazırlığa ayın sonunda Azərbaycanda başlayacağam. Ən azı İslam Həmrəyliyi Oyunlarının sonunadək orda qalacağam. Bu dəfə bütün hazırlığım Bakıda baş tutacaq. Olimpiya tsikli ərzində qurduğum bütün şəxsi planları yerinə yetirdim və indi qadın karatesinin səviyyəsini qaldırmaq üçün Bakıya gedəcəyəm. Komanda ilə birgə məşq edəcək, onları qarşıdakı yarışlara hazırlayacağıq.
- Karatedən başqa hansı idman növündən xoşunuz gəlir? Xizəkdə şəkliniz var. Azərbaycanda deyil?
- Həyat yoldaşımla İtaliyada istirahət edir, xizək sürürdük. Bu yaxınlarda Azərbaycanda dağ xizəyi kurortunun şəklini gördüm. İndi Qəbələdəki həmin kurortda olmağı çox istəyirəm. Mənim üçün xizək ən sevimli qış istirahət növlərindən biridir. Əgər indi Azərbaycana gələndə belə imkan olsa orda xizək sürmək istəyərdim.
- Digər ölkələr Azərbaycanı idmanda güclü rəqib kimi qəbul edirlər?
- Azərbaycanda idmanın inkişafı üçün böyük potensial var. Özü də bütün növlərin. Əlbəttə, indi ən uğurlular karate və güləşdir. Bu da təəccüblü deyil. Karatedə əla nəticələr göstəririk. Bizim Rafael Ağayev kimi əfsanəmiz var. Güləşdə Hacı Əliyev, Mariya Stadnik, Rafiq Hüseynov kimi idmançıları tanıyıram. Onlar Azərbaycanın adını bütün dünyada tanıdırlar. Təbii ki, digər ölkələrin idmançıları belə rəqiblərlə qarşılaşanda ikiqat köklənirlər. Rəqiblərimiz də, azarkeşlərimiz bizdən gözəl qarşılaşmalar və qələbələr gözləyirlər. Çünki öz növlərimizdə dünyanın ən yaxşılarındanıq. Bizə ikiqat diqqət ayrılır və gərginlik olur. Karatedə gənc və güclü nəsil yetişir. Bu yaxınlarda gənclərin Avropa çempionatında əla çıxış etdilər. Bu da onu göstərir ki, Azərbaycanda karate məktəbi inkişafdadır və böyük qələbələri ilə sizləri daha çox sevindirəcək (apasport.az).