Beynəlxalq Olimpiya Komitəsi (IOC) qlobal istiləşmə səbəbindən Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanların siyahısına yenidən baxa bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə AP-yə IOC-un Qış olimpiadalarının ev sahiblərinin müəyyənləşdirilməsi üzrə komissiyasının sədri Karl Ştoss açıqlama verib.
Ştoss bildirib ki, IOC yarışların keçirilməsi üçün “daimi məkanlar hovuzu” yarada və bu məkanları növbəli şəkildə istifadə edə bilər. Bundan əlavə, Olimpiya Oyunlarının daha erkən tarixdə başlanması ehtimalı da istisna olunmur. Bu, əsasən Paralimpiya Oyunlarının Olimpiadadan iki həftə sonra start götürməsi və həmin dövrdə havaların tez-tez isinməsi ilə bağlıdır.
Vaterloo Universitetinin professoru Daniel Skott və İnnsbruk Universitetinin dosenti Robert Ştaygerin araşdırmasına əsasən, 2050-ci illərdə qış idman növləri üzrə yarışların keçirilə biləcəyi 93 dağlıq ərazinin cəmi 50-dən bir qədər çoxu qalacaq. 2080-ci ilə qədər isə bu göstəricinin 30-a enəcəyi proqnozlaşdırılır.
















































































