
Ağdamın "Qarabağ" klubu mərkəz hücumçusu axtarmır. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Nikoloz Gelaşvilinin zədə üzündən oynamadığı vaxtlarda Reynaldonu həmin mövqedə oynadan mütəxəssis bəzi hallarda Vüqar Nadirova da şans verdiklərini bildirib: "Ümumiyyətlə, bu mövqeyə futbolçu tapmaq olduqca çətindir. Lakin ixtiyarımızda olan oyunçular mərkəz hücumçusu problemini həll etməyi bacardıqlarını sübut ediblər. Əlbəttə, hansısa yaxşı oyunçu təklif olunsa, məmnuniyyətlə onu sınayarıq və tələblərimizə uyğun gələrsə, rənglərimizə qatarıq".
Qurbanov eyni zamanda Gelaşvili ilə bağlı da fikirlərini bölüşüb: "Çempionatın birinci hissəsində gürcüstanlı hücumçu 5 qol vurmaqla yanaşı, 3 məhsuldar ötürmə ilə də yadda qaldı. Ancaq sonra aldığı zədə ucbatından, o, komandaya istədiyimizi verə bilmədi. Nəticədə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq".
Ceyhun ƏLİYEV