Sportnet.az-ın "Sportşou” rublikası üçün növbəti müsahibəni məşhur rəqqasə Oksana Rəsulovadan aldıq. Hazırda özü burada deyil, Hindistandadır. Ona görə də suallarımızı internet üzərindən cavablandırdı...
- Hansı idman növləri ilə məşğul olursunuz?
- Mən, ümumiyyətlə, idmanı xoşlayıram. Amma o qədər də çox məşğul olmuram. Düşünürəm ki, rəqs həyatımda olmasaydı, hər gün idmanla məşğul olardım. Uşaqlıqda isə gimnastika və baletə getmişəm. Su ilə bağlı idman növlərini, fiqurlu konkisürmə və gimnastikanı xoşlayıram.
- Bəs bu yaxınlarda Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatını izlədiniz?
- Təəssüflər olsun ki, izləmədim. Çünki ola bilsin, başım çəkilişlərə qarışıb.
- İdmançlılarımızdan kimləri tanıyırsınız?
- Eduard Məmmədovu yaxşı tanıyıram. Dostumuzdur, onun hər bir nailiyyətinə sevinirik. Daha sonra olimpiya çempionu Toğrul Əsgərovu.
- Futbola marağınız necədir?
- Əvvəllər var idi. Əslində mənim sevimli məşqçim Joze Mourinyodur. O, əvvəllər "Çelsi”də idi, sonra "İnter” ə və "Real Madrid”ə keçdi və nəhayət, elə "Çelsi"yə qayıtdı. Bax, bu komandaların oyununa baxmışam, o da yəqin ki, onların baş məşqçisinə görə.
- Bir futbolçunun istedadlı olması və qol vura bilməsi üçün ayaqları qıvraq olmalıdır. Siz futbolla peşənizi müqayisə etdikdə oxşarlıq görürsünüz?
- Düşünürəm ki, bəli, futbolçular zirək və plastik olmalıdırlar. Çünki manevr göstərəndə bir anlıq elə bilirsən ki, sanki özlərinəməxsus rəqs edirlər. Ona görə də oxşarlıq var.
- Futbolçu olsaydınız, hansı mövqedə daha bacarıqlı olardınız?
- Qapıçı məndə çətin alınar, amma yarımmüdafiəçi alınardı (Gülür - S.X.).
- Siz də müəllimlik etmisiniz. Necə hesab edirsiniz: rəqs müəlliyi çətindir, yoxsa futbolda baş məşqçi olmaq?
- Təbii ki, futbolda baş məşqçi olmaq çox çətindir. Mən futbolu izləyərkən, Mourinyonun komandası oynayanda onun həyəcanı çox təsir edirdi. Sanki sən onun yerindəsən. Ola bilər, rəqs müəllimi hansısa konsertdə öz tələbələri üçün çox həyəcan keçirsin, amma düşünürəm ki, stress keçirmir.
- Futbolçu ilə ailə qurardınız?
- Çətin sualdır. Düşünürəm ki, yox. Çünki daha ailə həyatı qurmayacağam. Amma keçmişdə istədiyim insan futbolçu olsaydı, niyə də yox? Mən də qurardım.
- Siz də stadionda şou əhli ilə futbol oynamısınız, kimləri yaxşı oyunçu hesab edirsiniz?
- Skripkaçı Səlim Abbasov, Emil Bədəlov, Ceyhun Zeynalov.
- Niyə düşünürlər ki, qadınlar futbol oynamağı bacarmırlar? Sizcə, haqlıdırlar?
- Hamısı yox. Bu, maşın sürmək kimi bir şeydir. Elə qadın var ki, bacarır, eləsi var bacarmır. Özü də yaxşı mənada bu idman növünü qadına uyğun görmürəm.
- Yerli və xarici klublardan hansını bəyənirsiniz?
- Heç birini.
- Bəs futbolçulardan?
- Vallah, tanımıram. Futbolla o qədər də maraqlanmıram. Əcnəbilərdən Devid Bekhemı deyə bilərəm.
- Dünya çempionatını izləyirsiniz?
- Yox, izləmirəm.
- Yaxşı rəqs edən futbolçularımız var. Təklif olsa futbolçu ilə rəqs edərdiniz?
- (Fikirləşir) Yaxşı rəqs edən futbolçu ilə? Bilmirəm, o baxır necə rəqs edir.
- Sizcə, niyə Azərbaycan dünya çempionatına qatıla bilmədi?
- Bunu deyə bilmərəm. Yəqin ki futbolçularımız hələ o qədər də yaxşı oynamırlar.
Sevinc XANQIZI