
"Qələbə qazandığımız üçün çox şadam. Bunu sözlə ifadə etmək kifayət etmir". Sportnet.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" ilə oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Təcrübəli mütəxəssis 2:0 hesabı ilə qələbə qazandıqları oyuna belə şərh verib: "Komandamız rəqibdən yaxşı oynadı. Bu görüş bizim üçün psixoloji cəhətdən çox çətin idi. Düzgün analiz nəticəsində doğru qərar çıxardıq və qələbə qazandıq. Düzdür, oyunun sonunda qol vurduq amma biz rəqibdən güclü idik.
Bayrağın yandırılması provakasiya xarakterli idi. Belə hadisələrə pis yanaşıram. Bu da xalqın, klubun mövqeyi deyil. Bu cür insanlar cəmiyyətdən uzaqlaşdırılmalıdır. Hər futbolçunun oyuna yanaşma tərzi fərqlidir. Bunların hər birini də nəzərə aldıq. Hər bir detalı nəzərə alaraq ümumi nəticəyə gəldik və qələbə qazandıq.
Rəşad Sadiqov oyunun ən yaxşılarından idi. Düşünmürəm ki, o zəif oynayıb. Standart vəziyyətlərdən yararlana bilmirik. Ancaq bu o demək deyil ki, biz xüsusi olaraq standart vəziyyətlər üçün oyunçu transfer edək. Bu komanda işidir".
Qeyd edək ki, iki oyunun nəticəsinə görə (1:2, 2:0) "Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsinə adlayıb.