
"İlk oyunda layiq olduğumuz qələbədən sonra bildirmişdim ki, sloveniyalılar heç də asan komanda deyil və Belqradda daha çətin görüş keçəcək. Belə də oldu". Sportnet.az xəbər verir ki, bunu Serbiyanın "Çukariçki" klubunun idman direktoru Vladimir Matiyaşeviç deyib.
"Qəbələ"nin Avroliqanın II təsnifat mərhələsindəki rəqibi olan "Çukariçki" rəsmisi Sloveniyanın "Domjale" komandası ilə matçda (1:0; 0:0) ötən mövsümkü uğurlarını təkrarlayaraq mərhələ keçmələrindən danışıb. O, ötən mövsüm II mərhələdə Avstriyada "Qrödiq"i 2:1 yenmələrinə baxmayaraq, Belqradda 0:4 yenilmələrini təcrübəsizlikləri ilə bağlayıb və "Qəbələ" ilə matçda belə səhvə yol verməyəcəklərini bildirib: "Futbolun rasional olduğunu, emosional oyun olmadığını Serbiyada biz gördük. Səviyyəli oyunçuların olduqda taktika və strategiya daha vacib amilə çevrilir. 4-5 dəfə qol şansımız oldu, ancaq top tora daxil olmaq istəmədi. Bununla belə, biz II təsnifat mərhələsinə vəsiqə qazandıq. Bu, tarixi uğur öncəsi vacibdir. Biz ötən il avstriyalılarla oyunda təcrübəsizliyin qurbanı olmuşduq. İndi isə daha təkmilləşmiş, daha təcrübəli və daha hazırlıqlıyıq".
37 yaşlı "Srvena Zvezda"nın sabiq müdafiəçisi "Domjale"yə qarşı zədəli olduqları üçün oynaya bilməyən hücumçular - Nikola Stoyiykoviç, Stanişa Mandiç və qanalı yarımmüdafiəçi Obenq Reqanın "Qəbələ" ilə matçlarda hazır olacağını bildirib: "Əmin olun ki, biz onların köməkliyi ilə azərbaycanlılardan güclü olacağıq. Çünki bu futbolçular tezliklə qaydasına düşəcəklər. "Qəbələ" haqda çox şey bilmirik. Ancaq bilirik ki, Tbilisi "Dinamo"sunu keçiblər. Azərbaycanlılar futbola fəal şəkildə yatırım edir. Onlar futbolu ayin səviyyəsinə çatdırıblar. Avrokuboklarda yaxşı imic özləri haqda formalaşdıra biliblər".
Matiyaşeviç iyulun 16-dakı matçın həlledici olacağını qeyd edib: "Çoxlarının fərqli düşünməsinə baxmayaraq, hesab edirəm ki, cümə axşamı evdəki oyun bizim üstünlüyümüz olmalıdır. Siz "Domjale"yə qarşı oyunumuzda tribunaların demək olar ki dolduğunu gördünüz. Bu isə o deməkdir ki, Belqradda Serbiya vətəndaşları bizim də nəticələrimizi dəyərləndirir. Onların dəstəyi ilə III mərhələyə biz ilk matçdaca keçə bilərik! Biz "Qəbələ"ni az da olsa təhlil edib onlar haqda öyrənmişik. Aqressiv oynayırlar, çox qaçırlar, oyunçuları olduqca dözümlü və fiziki cəhətdən hazırlıqlıdırlar. Belqradda qol buraxmadan qələbə qazanmalı və səbirsizliklə Azərbaycandakı revanş matçını gözləməliyik".
Qeyd edək ki, "Çukariçki" - "Qəbələ" oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşü rumıniyalı Radu Marian Petresku idarə edəcək.