Rusiyanın "NTV-Plyus" telekanalının idman redaksiyasının rəhbəri Vasili Utkin istefa verib. Sportnet.az-ın məlumatına görə, idman redaksiyasından getdiyini məşhur şərhçinin özü açıqlayıb.
O deyib: "Mən oktyabrın 15-dən işdən azadam. NTV-Plyus"un digər əməkdaşları kimi. Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin "İdman" telekanalının əməkdaşları kimi. Yeni struktur yaradılır. Orada kimin işləyəcəyi və nəyə cavabdehlik daşıyacağını heç kim bilmir".
Qeyd edək ki, noyabrın 1-dən "Matç TV" adlı yeni telekanal yayıma başlayacaq. Telekanalın baş prodüseri vəzifəsinə Tina Kandelaki təyin olunub. Kandelaki televiziyanın idman redaksiyasını sıfırdan qurmağın ona çox maraqlı olacağını açıqlayıb. Utkin isə xanım prodüserin bu açıqlama ilə jurnalistləri alçaltdığını bildirib. Sonradan məşhur şərhçi Kandelaki ilə insidentin yoluna qoyulduğunu bildirib.