
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bosniya və herseqovinalı hücumçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 
27 yaşlı oyunçu "Qəbələ”yədək vətənində "İskra” (Buqoyno, 2006-2007), Xorvatiyada "Sibenik” (2007-2010)və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007 - 2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Zets yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.
Qeyd edək ki, "Qəbələ" daha öncə 11 futbolçu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatıb. "Qırmızı-qaralar" hazırda Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunlara hazırlaşır. Görüşlər iyulun 30-da və avqustun 6-da olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    





















































