
"Kiprdə keçirilmiş ilk görüşdən razı qaldıq. Xüsusilə də nəticəni qənaətbəxş saymaq mümkündür". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Aleksey Qay "Apollon"la Avropa Liqasının III təsnifat mərhələsindəki ilk görüş barədə "gabalafc.az"a danışarkən deyib.
O bildirib ki, komandası 1:1 hesablı heç-heçəyə yaxşı oyunla nail olub. Lakin ukraunalı legionerin fikrincə, daha yaxşı oynamaq olardı: "Çünki "Apollon”a qarşı nümayiş etdirdiyimiz futbol heç də ən yaxşı oyunumuz deyil. Hələ yaxşı oyunlarımız irəlidədir. Bu səfər matçı bizim Avropa Liqasında irəliləməyimiz üçün bir təkan olmalıdır”.
Avqustun 6-da Bakıda keçiriləcək cavab oyunu öncəsi şansları bərabər qiymətləndirən Qay "Qəbələ”nin mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlmək gücündə olduğunu düşünür: "Apollon”la cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndirirəm. Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Bu üzdən Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin evdə, azarkeşlərimizin önündə oynamağımız əlavə üstünlükdür. Düşünürəm ki, lazım olan nəticəni əldə edib, bu mərhələni də adlaya bilərik. Komandamız bunu bacarmalıdır”.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Apollon" matçı saat 21:00-da başlanacaq.