Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının "pley-off" mərhələsinin püşkünü dəyərləndirib. Sportnet.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Qəbələ" haqda məlumatsız olduqlarını bildirib.
O deyib: "Bilinməyən şeylər bizi həmişə daha məqsədəuyğun xarakterli edir. Azərbaycanda son illər futbolun inkişafına çalışırlar. Rəqib haqda dəqiq təsəvvürümüz yoxdur. Bu yaxınlarda keçirdikləri oyunlarını izləyəcək və xüsusiyyətlərini analiz edəcəyik".
Qeyd edək ki, "Panatinaikos" bu mövsüm mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb. Belçika "Brügge"si ilə üz-üzə gələn Yunanıstan vitse-çempionu Afinadakı "Apostolos Nikolaidis" stadionunda 2:1 hesablı qələbə qazansa da, cavab görüşündə 0:3 hesabı ilə uduzub. Bu səbəbdən, Yannis Anastasiunun komandası mübarizəni Avropa Liqasının "pley-off"unda davam etdirəcək.