Açığı, jurnalist Rasim Əliyevin ölümü iki gündür məni keyləşdirib. İki ildir yaşadığım Ukraynada Azərbaycanla bağlı belə faciəli xəbərlər almaq xüsusilə sarsıdıcıdır. Hamı kimi, mən də həmkarımıza Allahdan rəhmət diləyir, günahkarların layiqli cəza alacağına ümid edirəm. Bu ölüm faktı ətrafında bu qədər ajiotaj yaranması hadisələrin episentrində "Qəbələ” klubu və Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun durması ilə bağlıdır.
Əsl günahkarın kimliyi, Cavidin jurnalistin döyülməsində təşəbbüskar olub-olmaması hələlik bilinmir. Ancaq cəmiyyət onun üzərinə gedir, onun timsalında bütün futbolçuları, hətta idmançıları qınayır, təhqir edir. Başa düşürəm ki, indi əsəblər gərgin, hislər təzədir. Cəmi 1 gün əvvəl evin yeganə övladı, toya hazırlaşan, ömrü boyu kasıb həyat sürən jurnalist dünyasını dəyişib. Lakin gəlin, bir az soyuqqanlı olaq. Mənim heç kimi müdafiə etmək fikrim və həvəsim yoxdur. İdman jurnalistikasındakı 13 illik stajım ərzində, həmçinin futbol klublarında işlədiyim dövrdə heç bir futbolçunun tərəfini saxlamamışam. Çünki Azərbaycanda futbolçu tayfası harınlayıb, gözünü pul örtüb. Mən harınlama prosesinin, futbolçuların var-dövlətə necə layiqsiz, rahat şəkildə sahib olmalarının canlı şahidi olmuşam. Bu sözləri nadir futbolçulara - ailə mədəniyyəti görmüş, dünyagörüşünə malik olanlardan başqa hamıya şamil etmək mümkündür. Bir daha deyirəm: Cavidə vəkillik etmək niyyətindən uzağam. Ancaq diqqəti bir məqama yönəldəcəyəm.
Əsl günahkarın kimliyi, Cavidin jurnalistin döyülməsində təşəbbüskar olub-olmaması hələlik bilinmir. Ancaq cəmiyyət onun üzərinə gedir, onun timsalında bütün futbolçuları, hətta idmançıları qınayır, təhqir edir. Başa düşürəm ki, indi əsəblər gərgin, hislər təzədir. Cəmi 1 gün əvvəl evin yeganə övladı, toya hazırlaşan, ömrü boyu kasıb həyat sürən jurnalist dünyasını dəyişib. Lakin gəlin, bir az soyuqqanlı olaq. Mənim heç kimi müdafiə etmək fikrim və həvəsim yoxdur. İdman jurnalistikasındakı 13 illik stajım ərzində, həmçinin futbol klublarında işlədiyim dövrdə heç bir futbolçunun tərəfini saxlamamışam. Çünki Azərbaycanda futbolçu tayfası harınlayıb, gözünü pul örtüb. Mən harınlama prosesinin, futbolçuların var-dövlətə necə layiqsiz, rahat şəkildə sahib olmalarının canlı şahidi olmuşam. Bu sözləri nadir futbolçulara - ailə mədəniyyəti görmüş, dünyagörüşünə malik olanlardan başqa hamıya şamil etmək mümkündür. Bir daha deyirəm: Cavidə vəkillik etmək niyyətindən uzağam. Ancaq diqqəti bir məqama yönəldəcəyəm.
Hazırda əksəriyyət nəticə haqqında danışır. Nəticə nədir? İddiaya görə, Cavid Hüseynovla qohumluq əlaqələrinə malik 5-6 nəfər Rasim Əliyevi vəhşicəsinə döyüb, sonuncu aldığı xəsarətlərdən xəstəxanada həyatla vidalaşıb. Bəs niyə hadisənin səbəbi barədə danışmırıq? Hadisənin əsl səbəbi nədir? Belə ki, Rasim Əliyev kirpli jurnalisti müdafiə məqsədilə azərbaycanlı futbolçunu facebook səhifəsində "tərbiyəsiz, əxlaqsız” adlandırıb. Qardaş, biz kimi kimdən müdafiə edirik? Bu, nə bəladır? Bu, nə üzüyumşaqlıqdır? Tutaq ki, Cavid Hüseynov kirplinin "oyundan sonra meydançada niyə Türkiyə bayrağı ilə dövrə vurdunuz” sualına ədəbsiz jestlə cavab verib (mən də düşünürəm ki, bu jest ədəbsiz idi). Kiprliyə, yunana nə göstərmək lazımdır axı? Bizi özünə düşmən sayan, hər yerdə təhqir edən xalqın nümayəndəsinə qucaq açmalıyıq ki? Bakıda boynumuza mindirib gəzdirməliyik ki? Niyə biz düşmənə düşmən gözü ilə baxa bilmirik? Nəyə görə kirpli jurnalistə görə azərbaycanlı jurnalist ölməlidir? Bəxbəxtçilik ondadır ki, söyülən də bizik, milli atribuatları təhqir olunan da bizik, bayrağı cırılan da bizik, döyülən də bizik və ən nəhayət, ölən də bizik... Bəli, biz çox qəribəyik...
Təsəvvür edin ki, Kiprdəki oyundan sonra azərbaycanlı jurnalistlərdən biri yerli futbolçudan niyə meydançada Yunanıstan, Ermənistan və ya tanınmamış DQR-in bayrağı ilə şadyanalıq etdiyini soruşur. Kirpli futbolçu da həmvətənimizə ədəbsiz jest göstərir. Sizcə buna görə kirpli jurnalist bizimkiləri müdafiəyə qalxar, öz həmyerlisi ilə mübahisə edər, onun ünvanına təhqir söyləyərdi? Əsla! Nə vaxt görmüsünüz ki, kirpli, yunan jurnalist Azərbaycanın, Türkiyənin lehinə danışır? Görməmisiniz, nə də görməyəcəksiniz!
Yeri gəlmişkən, tanınmış telejurnalist, hazırda "Neftçi” İdman Klubunda çalışan Elnur Əşrəfoğlunun Kirplə bağlı bir xatirəsini qeyd etmək istəyirəm. Elnur bəy 1995-ci ildə, AzTV-də işləyərkən UEFA Kuboklar Kubokunun ilkin mərhələsində APOEL - "Neftçi” oyununu işıqlandırmaq üçün Kiprə ezam olunub. Deyir ki, bizə Nikosiyanın küçələrində, stadionda sataşır, təhqir edir, yeri gəldi-gəlmədi türklərin ünvanına söyüşlər yağdırırdılar. Oyunda Türkiyə bayrağı yandırıldı, Ermənistan bayrağı dalğalandırıldı. Matça bir gün qalmış isə Azərbaycan nümayəndə heyətinin yaşadığı otelin yaxınlığındakı kafedə türk və yunan xalqlarının tarixi düşmənçiliyi barədə gərgin mübahisə yaranıb. Türklərin müdafiəsinə qalxan 4 azərbaycanlı (Elnur Əşrəfoğlu, AzTV-nin rejissoru Natiq Ağayev, ANS-in keçmiş aparıcı Asif Bağırov və Şakir Eminbəyli) kirplilərin güclü təzyiqi ilə üzləşib. Nikosiyada türklərin müdafiəsindən qəzəblənən 30-a yaxın yerli sakin balta, bıçaq, dəmir parçaları ilə kafeyə hücum çəkib. Həmvətənlərimizi ölümdən kafe sahibi qurtarıb. O, yerli sakinlərin qarşısına çıxaraq, azərbaycanlıların jurnalist olduğunu deyərək, onları sakitləşdirib. Belə...
Heç uzağa getməyək. İyulun 30-da Kiprdə "Qəbələ”nin "Apollon”a qarşı keçirdiyi oyunda da bayrağımız təhqir olundu, qondarma DQR-in, Ermənistanın bayrağı dalğalandırıldı, futbolçularımız isə küçə söyüşlərinə "qonaq edildi”. Kiprdə belə münasibət görən azərbaycanlı bəs Bakıda kirpliyə qarşı nə münasibət göstərməlidir? Öpüb, bağrına basmalıdır? Hansı normal insan bu qədər təhqirlərdən sonra Bakıda kirpli jurnalistin bayraqla bağlı qıcıqlandırıcı sualından sonra sakit dayana bilər? Bəsdir daha, düşmənimizi boynumuza çıxartdıq!
Əziz dostlar, bir məsələni də unutmayaq. Cavid Hüseynov yaxşı və ya pis futbolçudur, bunun məsələyə dəxli yoxdur. İstənilən halda, futbolçunu (həmçinin, müəllimi, fəhləni, sürücünü, məmuru) təhqir etmək, heysiyyatına toxunmaq, ona "tərbiyəsiz, əxlaqsız” kimi təsiredici sözlər demək olmaz! Olmaz! Peşə etikasını qorumaq lazımdır!
Mərhumun dalınca danışmazlar. Sözlərim yanlış anlaşılmasın! Bir jurnalistin dırnağını 100 futbolçuya dəyişmərəm. Harınlamış azərbaycanlı futbolçular məişət-kommunal problemlər məngənəsində sıxılan azərbaycanlı jurnalistlərdən xəbərsizdirlər, mədəniyyətdən, intellektdən uzaq olduqlarına görə onlara çox vaxt hörmət qoymurlar. Ona görə də, futbolçular haqlı qınağa rast gəlirlər. Sadəcə, biz bir az da günahı özümüzdə axtarmalıyıq. Belə halın təkrarlanmaması üçün ayıq-sayıq olmalıyıq. Sabah rolların ifaçıları dəyişə bilər. "Tərbiyəsiz, əxlaqsız” sözlərinə görə, futbolçu jurnalisti yox, həkim mühəndisi ölümünə qədər döydütdürə bilər. Nə fərqi var ki? Səbəb də eynidir, nəticə də. Ona görə də peşəmizdən asılı olmayaraq, sözlərimizə fikir vernəliyik.
Ancaq bu o demək deyil ki, Cavid Hüseynov aydan arı, sudan durudur. "Qəbələ” klubunun rəhbərliyi bu hadisəyə dərhal reaksiya verərək, onu komandadan uzaqlaşdırmaqla, futbolçuya yerini göstərdi. Yəni, sən kapitan, istedadlı yarımmüdafiəçi, milli komandanın üzvü ola bilərsən, amma hər şeydən öncə insan olmalısan. Əgər ölüm faktında adın hallanırsa, get, məsələni həll elə, istintaqa kömək et, günahın varsa, dərhal boynuna al.
Rasim Əliyevi döyənlərdən isə danışmaq istəmirəm. Bu şərəfsizliyə ad tapmaq çətindir. Şəxsən mən Bakıda - Qafqazın ən böyük şəhərində 5-6 nəfərin 1 nəfəri döyməsi faktına görə xəcalət hiss keçirirəm. Bu, vandalizmdir! Allah cəzanızı versin!
Bir burnufırtıqlı kiprliyə görə, bir azərbaycanlı öldü, bir neçə azərbaycanlı həbs olundu, digər bir azərbaycanlının isə futbol, eləcə də şəxsi həyatı, azadlığı sual altındadır. Daha düşmən bizə nə eləməli idi ki... Məni yandırıb-yaxan da elə budur...
Aqşin ƏLİYEV