"Havanın isti olmasına baxmayaraq, futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının II turunda "Rəvan”ı səfərdə 2:1 hesabı ilə yenən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
43 yaşlı mütəxəssis cari çempionatın asan keçməyəcəyini bildirib. Qurbanov "Rəvan” və azarkeşlər barədə də xoş sözlər deyib: "Az vaxtda yaxşı kollektiv kimi formalaşan "Rəvan” bizə problem yaratdı. Komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, "Rəvan” çətin komandadır. Fürsətdən istifadə edib, azarkeşlərə oyuna gəldikləri üçün təşəkkür edirəm".
Baş məşqçi "Qarabağ"ın transfer planlarına toxunarkən, hazırda hücumçu və müdafiəçi axtardıqlarını dilə gətirib: "Son vaxtlarda transfer etmək bir qədər çətin olub. Futbolçu tapa bilsək, avqustun 31-dək transfer etmək niyyətindəyik”.