Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi internet saytı xəbər yayıb.
Kamerunlu futbolçu ilə bağlanmış müqaviləyə əsasən Ernest Nfor 2016-cı ilə qədər "Neftçi” PFK-da çıxış etməli idi. Ötən mövsüm 19 oyunda ümumiyyətlə meydana çıxmamış futbolçu ilə qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində görüşlər 17.06.2015-ci il tarixdə start götürmüş Avstriya təlim-məşq toplanışı zamanı başlanmışdı. Lakin futbolçu ilə bağlanmış müqavilə şərtlərinin "Neftçi” PFK üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirmişdi. Bu müddətdə belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi danışıqların müsbət yekunlaşması ilə nəticələndi. Belə olan halda klub müəyyən məbləğdə kompensasiya ödəməklə böyük maliyyə riskinin və ikinci Emil Mpenza probleminin yaşanmasının qarşısını almış oldu. Əks halda "Neftçi” PFK növbəti dəfə FİFA tərəfindən tətbiq ediləcək böyük maliyyə sanksiyası ilə üz-üzə qalacaq və klubun beynəlxalq imicinə ağır zərbə vurulacaqdı.