Azərbaycan milli komandasının məşqçisi
Mahmud Qurbanov Avropa çempionatı-2016-nın seçmə tsiklindəki rəqiblərimiz –
İtaliya və Xorvatiya yığmaları haqda danışıb. Mütəxəssis Sportnet.az-a DÇ-2014-də
qrup mərhələsini adlamağı bacarmayan komandaların oyunlarını şərh edib,
millimizin şanslarını dəyərləndirib.
"İtaliya və Xorvatiya DÇ-2014-ə tam hazır deyildilər”
- Bu dünya çempionatında bir
çox gözlənilməz nəticələrin şahidi olduq. Qrupun favoriti hesab olunan İtaliya
kimi güclü komanda 1/8 finala yüksələ bilmədi. Xorvatiya da həmçinin.
İngiltərə, İspaniya kimi dünya futbol səhnəsində sözünü demiş yığmalar da qrup
səddini adlaya bilmədilər. O ki qaldı Avropa çempionatının seçmə mərhələsində
rəqiblərimiz olacaq millilərə, hər ikisi güclü heyətə malik olmalarına
baxmayaraq, çempionata tam hazır deyildilər. Ancaq bu, heç də o demək deyil ki,
İtaliya və Xorvatiya zəif rəqibləridir. Sadəcə, DÇ-2014-də bu komandalar zəif
çıxış etdilər.
- Düşünmürəm ki, Avropa ölkələri Cənubi Amerika iqliminə hazır deyildilər. Sadəcə, bu qitədə əksər hallarda uğursuz çıxış edirlər. İspaniyanı mundialın favoriti görürdüm. Ancaq qrup səddini aşa bilmədilər. Görünür cənubi amerikalılar bu çempionata daha yaxşı hazırlaşmağı bacarıblar.
"Berti
Foqtsdan tapşırıq almamışam”
- Həm İtaliyanın, həm də
Xorvatiyanın güclü və zəif cəhətləri var. Ancaq indidən bu bərədə danışmaq bir
qədər tezdir. Bütün hallarda bu iki komanda qrupumuzun favoritləri hesab
olunurlar. Yığmamızın baş məşqçisi Berti Foqtsla bu komandalar barədə heç bir
danışığımız olmayıb nə də mundial öncəsi mənə belə bir tapşırıq verməyib ki, növbəti
tsikldəki rəqiblərimizə dair qeydlər aparım. Hər halda baş məqşçimiz hazırda
Braziliyadadır və İtaliya ilə Xorvatiyaya xüsusi diqqət yetirir. Oyunları televizorla
seyr etməklə canlı izləməyin arasında fərq var. O, rəqiblərimizi daha yaxından
izləyə bilir.
"Baş məşqçiləri daha düzgün qərar verə bilər”
- Düşünürəm ki, hər iki yığma öz Vətənində kəskin tənqidə məruz qalacaq. Azarkeşlərin inamını qaytarmaq üçün AÇ-2016-nın seçmə mərhələsində də ikiqat əzmlə mübarizə aparacaqlar. Düşünürəm ki, DÇ-dəki uğursuzluqdan sonra həm İtaliya, həm də Xorvatiya yığma komandalarının oyun modelində dəyişikliklər baş verəcək. Yəni mundiala əsasən hansısa taktika hazırlamaq düzgün olmaz. Yeni oyun modellərini izlədikdən sonra fikir irəli sürmək daha düzgün olar. Heyət baxımından hər iki yığma kifayət qədər tanınmış futbolçulardan qurulub. Heyətdə köklü dəyişikliyə ehtiyacın olub-olmamasına dair bir söz demək çətindir. Hər halda onların baş məşqçiləri daha düzgün qərar verə bilər.
"Penaltinin
qrupun taleyinə təsiri olmadı”
- İtaliya yığmasının qrupdan çıxa bilməməsinin daha bir səbəbi rəqiblərinin güclü olmasıdır. Məsələn, Uruqvay millisi olduqca xoş təsir bağışlayır. "Skuadra Adzurra”nın məşqçisi zəif ola bilməz. Mən onun hansı yanlışlığa yol verməsi barədə heç nə deyə bilmərəm. Xorvatiya yığmasına gəlincə, düşünmürəm ki, Braziliya ilə oyunda təyin edilən penalti yekunda onların qrupdan çıxmasını əngəllədi. Ancaq meydan sahiblərinin avropalılardan daha üstün oynadığı aşkar sezilirdi. Xorvatlar Luis Felipe Skolarinin yetirmələrinə qarşı alışmadığımız – müdafiə futbolu ortaya qoydular. Nəticədə də daha güclü yığma qalib gəldi. Yox, Xorvatiyanın qrupdan çıxa bilməməsinin həmin penalti ilə heç bir əlaqəsi yoxdur.
"...Bütün bunların İtaliyanın məğlubiyyəti ilə heç bir əlaqəsi yoxdur”
- Hakimlikdən söz düşmüşkən, Luis Suaresin İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişləməsi məsələsinə də toxunmaq istərdim. Futbolçu karyeramda bu cür hala meydanda rast gəlməmişəm. Suares Uruqvay yığmasının lideridir. Həmin epizodda rəqibə qarşı belə bir hərəkətə heç bir ehtiyac yox idi. Ancaq kimsə kiminsə qulağını dişlədi, hakim qırmızı vərəqə göstərdi – bütün bunların İtaliyanın məğlubiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu mundialda xeyli hakim səhvinin şahidi olmuşuq. Ancaq İtaliya həmin gecə Uruqvaydan zəif idi və cənubi amerikalılar layiq olduqları qələbəni qazandılar.
"Qane olsaq da, olmasaq da”…
- AÇ-2016-nın seçmə qrup
mərhələsində ardıcıl olaraq, İtaliya və Xorvatiya yığmaları ilə səfərdə müvafiq
olaraq, oktyabrın 10-da və 13-də oynayacağıq. Olduqca çətin olacaq. Qrup favoritlərinə
qarşı oynayacağıq. İndi nəyisə dəyişmək mümkün deyil. Qane olsaq da, olmasaq
da, oyun günləri müəyyənləşib və mövcud vəziyyətlə barışmalıyıq.
Ceyhun ƏLİYEV