"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı klubun yeni transferlərindən danışıb. Sportnet.az-ın məlumatına görə, "Xəzər" TV-nin "Futbol saatı" verilişinə qonaq olan klub rəsmisi Vaqif Cavadovu "Xəzər Lənkəran"dan böyük ümidlərlə icarəyə götürdüklərini bildirib.
O, Cavadovun ən yaxşı dövlərində sərgilədiyi oyunu baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında da nümayiş etdirəcəyinə inandığını vurğulayıb: "Belə bir inamımız olmasaydı, heç götürməzdik. Məqsədimiz də o idi ki, son gündə transfer xətrinə transfer etməyək. Avropa Liqasının qrupuna düşməyimizi gözləyirdik. Qrupa düşsəydik, layiqli mübarizə aparmaq üçün heyəti gücləndirəcəkdik. Buna nail olduq və artıq iki gündür əvvəllər alınmayan təkliflərə yenidən baxmağa başlamışdıq".
Səfiyarlının sözlərinə görə, daha öncə razılıq verməyən bəzi oyunçuların özləri "Qəbələ" qrupa düşdükdən sonra müraciət edərək, komandada oynamaq istədiklərini bildiriblər: "Belə hallar var. Dünən gecə saat 3-də danışanda Qriqorçuk hələ potensial namizədlərin oyunlarını izləyirdi. Əsas axtardığımız oyunçu mərkəz yarımmüdafiəçi mövqeyinə idi. 2 namizədimiz vardı: Biri Bakı "İnter"indən tanıdığımız Meza Kolli, digəri isə əvvəllər də "Qəbələ"də çıxış etmiş İbrahima Niasse idi. Biz Meza Kolli ilə anlaşdıq".
"Qəbələ" rəsmisi bildirib ki, futbolçu axtarışları zamanı ən vacibi hücumameylli oyunçu mövqeyi olub: "Biz də təklif olunan bir neçə variantı götür-qoy etdik. Miloş Krasiçlə maraqlanırdıq. Onun keçidi çox real idi. Biz imtina etdikdən sonra Polşanın Legiya" klubu ilə müqavilə bağladı. Amma avqustun 30-dək Krasiç ən aktual variant idi. Son vəziyyətini bilmədiyimizdən, risk etmədik. Bizə qrup mərhələsinin oyunlarında lazım olacaq futbolçu axtarırdıq. Forma yığmasına vaxt lazım gəlsəydi, onu yaxın oyunlarda itirmiş olurduq. Bu səbəbdən, daha bir variantımız argentinalı hücumçu Fakundo Pereyra idi. Nə qədər maraqlı olsa da, o, qrupdakı rəqibimiz PAOK-un forvardıdır. Baş məşqçi ilə yaşadığı qalmaqal üzündən əsas heyətdən kənarlaşdırılıb. Amma Pereyra daha öncə komanda ilə birgə təlim-məşq toplanışında və 2 yoxlama matçında iştirak edib. Ukrayna "Dnepr"i və Almaniya "Bohum"una qarşı çıxış edib və 3 qol vurub. Ötən mövsüm Yunanıstan çempionatında 11, 2 mövsüm öncə isə Argentina çempionatında 9 dəfə fərqlənib. Baş məşqçinin də oyun üslubuna uyğun gəldiyindən, seçimimiz onun üzərində saxladıq. Ən əsası da ona görə ki, artıq təlim-məşq toplanışı keçib, oynamağa hazırdır".
Amma Pereyranın "Qəbələ"yə keçidi də asanlıqla başa gəlməyib. Menecerin sözlərinə görə, PAOK rəhbərliyi Pereyranı icarəyə verərkən, qrup mərhələsində iki komanda arasındakı 2 oyunun heç birində çıxış etməməsini istəyib: "Biz də çox götür-qoy etdik. Fikirləşdik ki, real danışsaq, Almaniya "Borussiya"sı ilə oyunlarda və Rusiya "Krasnodar"ı ilə səfər matçında şansımız çox azdır. Əsas ümidimiz PAOK-la 2 oyuna və "Krasnodar"la ev qarşılaşmasınadır. Pereyra PAOK-la görüşlərdə çıxış etməyəcəkdisə, belə çıxırdı ki, biz onu 1 oyuna görə transfer edirik. Bu barədə baş məşqçimizlə də məsləhətləşdik. Avqustun 30-da ondan imtina etdik və Krasiçə yönəldik. Bu zaman PAOK rəhbərliyi bizə müraciət edərək, Pereyranın Bakıda meydana çıxmasına icazə vermələrinin mümkünlüyünü söylədi. Amma Yunanıstandakı oyunda futbolçunun meydana çıxmasının heç cür mümkün olmadığını vurğuladılar. Belə əsaslandırdılar ki, Pereyra qol vursa, azarkeşlər meydana axışa bilərlər. Bu da təhlükəsizlik sarıdan əlverişli hal deyil. Ona görə də danışıqları bərpa etdik və artıq keçidi yekunlaşdırmışıq. Hesab edirik ki, Pereyra biz istədiyimiz, bizə kömək edə biləcək oyunçudur".
Qeyd edək ki, "Qəbələ" Vaqif Cavadov, Derlis Meza Kolli və Fakundo Pereyranı Sifariş Ərizəsinə daxil edərək, bu gün UEFA-ya göndərəcək.