
AFFA Azərbaycan milli komandasının və "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun azadlığa buraxılması ilə bağlı rəsmi müraciət ünvanlamayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, AFFA məsələyə hadisə baş verdikdən sonra münasibət bildirib: "Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi. Ümidvarıq ki, o, gələcəkdə də karyerasını davam etdirəcək və azarkeşləri sevindirəcək. Əsas odur ki, ədalətli qərar olsun".
E.Məmmədov bildirib ki, hazırda AFFA istintaqın gedişini gözləyir: "Biz ilk növbədə istintaqın nəticəsini bilməliyik. Nəticə bəlli olduqdan sonra onun əsasında müraciət edəcəyik".














































































