Gürcüstan milli komandasının Şotlandiya və İrlandiya ilə AVRO-2016-nın seçmə qrup matçları üçün heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Kaxaber Tsxadadze sabiq klubu Bakı "İnter"indən 2 futbolçuya dəvət göndərib.
Bunlar müdafiəçi Zurab Xizanişvili ilə yarımmüdafiəçi Nika Kvekveskiridir. Kvekveskiri yığmaya ilk dəfə dəvət alan 3 oyunçudan biridir. Ümumilikdə, qarşıdakı matçlara 24 futbolçu çağırılıb. Onların arasında əvvəllər Azərbaycanın müxtəlif klublarında çıxış etmiş müdafiəçilər Georgi Navalovski, Georgi Popxadze və Aleksandr Amisulaşvili, həmçinin hücumçu Baçana Tsxadadze də var.
Qeyd edək ki, D qrupunda yer alan Gürcüstan millisi sentyabrın 4-də Şotlandiyanı qəbul etdikdən 3 gün sonra İrlandiyanın qonağı olacaq. 6 turdan sonra qonşu ölkə yığmasının hesabında cəmi 3 xal var.