Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovun Sportnet.az-a müsahibəsi
- Xorvatiya yığması ilə çətin oyun keçdi. Qrup lideri olmasına baxmayaraq milli komanda yaxşı çıxış etdi. Həmin oyunu necə dəyərləndirərdiniz?
- Oyun düşündüyümüz kimi keçdi. Bilirdik ki, rəqib çoxlu hücum edəcək və qələbə qazanmağa çalışacaq. Biz də yaxşı müdafiə olunub, topa nəzarət etməklə sürətli əks-hücumlara çıxmağı planlaşdırırdıq. Tapşırığımız bu idi. Məncə, hər şey istədiyimiz kimi alındı. Əsas odur ki, nəticə oldu. Məğlub olmadığımız 2 oyundan sonra böyük komanda ilə görüşdə də uduzmamaq bizim üçün çox vacib idi. Oyunun analizinə gəldikdə, rəqib çoxsaylı hücumlar qururdu. Aydın məsələdir, qrup lideridir. Avropa çempionatında iştirakını böyük ölçüdə təmin edib. Biz də layiqli mübarizə aparmaq və uduzmamaq üçün əlimizdən gələni etdik. Düzdür, Xorvatiya yığması qol epizoduna bənzər anlar yaratdılar. Bu da təbiidir. Rəqibin heyətində elə futbolçular var ki, onları 90 dəqiqə boyunca zərərsizləşdirmək çətindir.
- Sizcə, millimiz hücum futboluna dayanıqlıdır?
- Ümumiyyətlə, ilk yarıda hücumlarımız istədiyimiz kimi alınmırdı. Fasilədə Prosineçki bizi buna görə tənqid etdi. Dedi ki, tam qapanmaq lazım deyil, topla oynayın, hücuma da çıxın, bunu bacararsınız. Bunun nəticəsidir ki, komandamız ikinci hissədə daha inamlı çıxış etdi. Daha yaxşı əks-hücumlara çıxdıq. Düzdür, 100 faizlik qol epizodlarımız olmadı. Amma 4-5 yaxşı hücum qura bildik. Bizdən tələb olunanı yalnız hücum futboludur. Yəni, ağıllı müdafiə olunaraq, hücuma vaxtında çıxmaq. Müasir futbolda yalnız hücum futbolu və ya yalnız müdafiə futbolu deyilən oyun üslubu yoxdur. İkisini də paralel aparmaq lazımdır. Ona görə də güclü rəqiblərə qarşı həm hücum, həm də müdafiə futbolu sərgiləmək çox çətindir. Amma baş məşqçi bizə inanır, güvənir və müdafiədə oturmamağı yox, yaxşı müdafiə olunmağı və hücumlara atılmağı tələb edir. Biz də tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edirik.
- Malta səfərindən nə gözləyirsiniz: Uğurlu seriyanı davam etdirmək mümkün olacaqmı?
- Bizi səfərdə çətin oyun gözləyir. Çünki Malta əvvəlki illərdə olduğu kimi oynamır. Artıq daha aqressiv, özünə inamlı çıxış edir. Baş məşqçiləri Pietro Gedin italiyalıdır. Çox yaxşı müdafiə olunur, pressinq tətbiq edirlər. Ola bilər qrupda az xal yığıblar. Amma diqqət yetirsək, İtaliyaya həm evdə, həm də səfərdə minimal hesabla uduzublar. Bolqarıstanla matçda da 0:1 hesabı ilə yeniliblər. Bakıda bizim özümüzə ilk yarıdan sonra çox ağır anlar yaşatdılar. Ümumiyyətlə, milli, klub səviyyəsində asan beynəlxalq oyun olmur. Uda da bilərsən, uduza da... Düzdür, Xorvatiya ilə oyunda yaxşı nəticə əldə etdik. Amma bayram etməyə vaxt olmadı. Çünki bizi çox ağır sınağın gözlədiyini komanda şəklində dərk edirik. Bizdən tələbləri də, gözləntiləri də başa düşürük. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə alınsın.
- Avropa Liqasında "Qarabağ"ın düşdüyü qrupu necə dəyərləndirirsiniz?
- Bu gün "Qarabağ" və onun rəqibləri barədə danışmaq istəmirəm. Çünki bütün diqqətimizi Malta ilə oyuna yönəltmişik. Bu gün məni yalnız bu oyun düşündürür. Ondan sonra klubumuzun rəqibləri barədə danışarıq.