
Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, 6 günlük hazırlıqların son günündə "qırmızı-qaralar” yerli "Çernomorets” klubu ilə qarşılaşıb.
"Qəbələ" bu matça aşağıdakı start heyəti ilə çıxıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Rikardinyo, Georgi Floresku, Aleksey Qay, Dodo, Vaqif Cavadov, Fakundo Pereyra, Aleksey Antonov.
Oyunun gedişində Samir Zərgərov Cavadovu, David Pietrzkieviç Bezotosnını, Vojislav Stankoviç Floreskunu, Asif Məmmədov Pereyranı, Derlis Meza Kolli Antonovu, Sahil Mirzəyev Rikardinyonu, Qismət Alıyev Qayı, Murad Musayev Santosu, Roman Hüseynov Dodonu əvəzləyib.
"Çernomorets” klubunun eyniadlı stadionunda keçirilən qarşılaşmanı 5500 tamaşaçı izləyib. 100 azərbaycanlı azarkeşin də seyr etdiyi görüş "Qəbələ”nin üstünlüyü ilə keçib. Hər hissədə 1 qol vuran Azərbaycan klubu 2:0 hesabı ilə qalib gəlib. Hesabı oyunun 13-cü dəqiqəsində Antonov açıb. Qoldan sonra meydan sahibləri bərabərlik qolu üçün irəli atılsa da, "qırmızı-qaralar” üstünlüyünü əldən verməyib. Fasilədən sonra isə qonaqlar rəqib qapısına daha bir qol vuraraq fərqi artırıb. Oyunun 69-cu dəqiqəsində hücuma qoşulan Vitali Vernidub Odessa təmsilçisinin qapısını dəqiq nişan alıb. İkinci qoldan sonra azarkeşlər qarşılıqlı hücumlara şahid olub. Lakin tərəflər hesabı dəyişməyə müyəssər olmayıb.
Beləliklə, sentyabrın 1-dən Odessada təlim-məşq toplanışında olan "Qəbələ” bu qarşılaşma ilə hazırlıqlarını başa vurub. "Qırmızı-qaralar sabah Azərbaycana qayıdacaq.