"Xəzər Lənkəran" bir növ haqsızlıqla üzləşib. Bu da FİFA-nın qərarı ilə bağlıdır". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Verilən qərarla bağlı bu gün keçirilən mətbuat konfransında klub rəsmisi məsələni belə izah edib: "2014-cü ilin avqustunda qərar çıxıb və oktyabrında "Xəzər Lənkəran"a ünvanlanıb ki, növbəti 2 qeydiyyat dönəmində futbolçuların transferi qadağan olunsun. Bu qadağa da avqustun 31-də qüvvədən düşüb və klub yeni futbolçu cəlb etmək hüququna malikdir. Qeyd olunub ki, bu şikayət 2011-ci ilin noyabrında verildiyi üçün "Xəzər Lənkəran"a qarşı 2010-cu ilin reqlamenti tətbiq olunub. Göstərilib ki, 2 transfer pəncərəsindən sonra futbolçu sifariş edə bilərik. Biz də buna əsaslanaraq bir sıra futbolçularla müqavilə imzaladıq".
T.Nadirov AFFA tərəfindən də FİFA-ya məktub göndərildiyini deyib: "Əfsuslar olsun ki, AFFA tərəfindən FİFA-ya ünvanlanan məktubun cavabında ali futbol qurumu bildirib ki, 2012-ci ilin reqlamentinə əsasən yeni oyunçuların qeydiyyatdan keçirilməsi ancaq yeni transfer pəncərəsində baş tuta bilər. Biz də öz növbəmizdə FİFA-ya müraciət etdik və onlar da bizə məktub göndərdilər. Açıq şəkildə qeyd olunub ki, məqsəd odur ki, klub zəifləsin və yarışlara zəif heyətlə çıxsın".
O, yeni transferlərin taleyinə aydınlıq gətirib. Vitse-prezident transfer zamanı heç bir pozuntuya yol vermədiklərini deyib: "Cəzalı klublar 6 ay əvvəldən transfer edə bilər. Hazırkı heyətdə həm zədəli, həm də cəzalı futbolçular var. Həmin futbolçularla söhbət edəcəyik və onlarla yenə danışacağıq. Elə düşünürəm ki, oyunçular da səbr edib gözləyər. Başa düşürük ki, onlar futbolçudur və oynamaq istəyir. Sentyabrın sonuna qədər bu məsələ öz həllini tapacaq. Çünki biz haqlı olduğumuzu bilirik. AFFA da bu məsələyə biganə qalmır və kluba dəstək verir. "Xəzər Lənkəran" Avropa Klubları Assosiasiyasının (ECA) üzvüdür və onların hüquqşünası da bizi dəstəkləyir. Biz çalışacağıq ki, klubumuza vurulan zərər hər hansı bir kompensasiya şəklində ödənilsin".
"Bu məsələ təxminən 10 gündən artıq çəkəcək. Bu da bütün komanda üçün ağır dönəmdir. Bizim hazırda çalışdığımız odur ki, FİFA-nın bu məktubuna dair İdman Arbitraj Məhkəməsi (CAS) yekun qərar qəbul etsin. O qərar verəndə ola bilər ki, transfer qadağası götürülsün" deyə T.Nadirov bildirib.
T.Nadirov qeyd edib ki, "Xəzər Lənkəran" son 3 mövsümdə 30-dan çox transfer edib: "Yeni məşqçi gəlir və futbolçu istəyir. Başqa bir baş məşqçi gəldikdə isə özündən əvvəlki həmkarının futbolçuları ilə işləmək istəmir. 30 futbolçunun 2-3-ü ilə aramızda anlaşılmazlıq olursa, burada qeyri-adi bir şey yoxdur. Burada problem odur ki, bütün əcnəbi futbolçularla olan problemə FİFA-da baxılır. Ancaq 10 şikayətə burada baxılsa, daha sonra narazılıq olsa, FİFA-ya göndərilsə, onda bu rəqəm 10 yox, 1-2 olar. İnanıram ki, bununla bağlı federasiya tərəfindən iş görüləcək".
Klub rəsmisi "Xəzər Lənkəran"ın cari mövsümdəki iddiasından danışıb: "Elə mövsüm olmayıb ki, komanda çempionata iddialı şəkildə başlamasın. Həmçinin bu il də elədir. Ancaq yaranmış vəziyyətdən biz də çıxmaq və haqlı olduğumuzu sübut edərək iddialı çıxışımıza davam etmək istəyirik. Və bu məsələyə, haqlı olduğumuza şübhəmiz yoxdur. Buna baxmayaraq, bu gün "Qarabağ"la oynayacağıq və baş məşqçi əlindən gələni edir ki, hazırda əldə olan futbolçularla nəticə qazansın. Öz növbəmizdə haqlı olduğumuzu sübut etsək, biz onlardan haqqımızı ətləb edəcəyik".
T.Nadirov son günlər klubun maliyyə problemi ilə üzləşdiyi ilə bağlı yayılan məsələlərə də aydınlıq gətirib: "Biz maaş məsələsinə görə, cəzalanmamışıq. Futbolçular avqustun maaşını alıblar. Onlar hamısı müqavilələrlə işləyir və orada maaşın alınma vaxtı da qeyd olunur. Klubla oyunçu arasında mübahisə yarana bilər. Ancaq maaş verilməmə problemi yoxdur. Fəxri prezident daima klubun yanındadır və komandayla maraqlanır. Hər bir vacib addım atılanda birbaşa Mübariz Mənsimova məlumat verilir. "Xəzər Lənkəran"da hər hansı bir problem olanda bunu ilk bilənlərdən 2 nəfər varsa, biri Mübariz Mənsimovdur".
Klubun beynəlxalq məsələlər üzrə meneceri Ramil Cahangirov bildirib ki, mübahisə olunan məsələ düzgün reqlamentin tətbiqidir: "Onlar heç bir əsas olmadan azad agent statuslu oyunçuların keçidinə qadağa qoyub. Qadağa komandanı zəiflətmək üçündür. Biz bununla razılaşmırıq. Klub öz mövqeyini çatdırmaq üçün CAS-a apelliyasiya şikayəti hazırlayır. Bu şikayət tam əsaslı şəkildə təqdim olunacaq. Bu, asan proses deyil, amma klubun mövqeyini çatdırmaq üçün bunu mütləq etməliyik".