"Qəbələ"nin futbolçusu Arif Daşdəmirovun Sportnet.az-a müsahibəsi
- "İnter"ə 1:2 hesabı ilə uduzdunuz. Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Açığı, ağır qrafikimiz var. Qalib gəlməyə çalışdıq. "İnter" də yaxşı futbolçulardan formalaşıb. Sadəcə, bir neçə səhv üzündən belə acı qollar buraxdıq. Həm hesab 0:0, həm 0:1, həm də 1:2 olduğu vaxt şanslarımız var idi. Həmin vaxt 1 qol vursaydıq, vəziyyət dəyişə bilərdi.
- Bu məğlubiyyətinizdən sonra şərikli liderliyi əldən verdiniz...
- Qorxulu bir şey yoxdur. Futbolda hər şey olur. Növbəti oyuna hazırlaşmaq lazımdır. Gələcəkdə də öz üzərimizdə işləməyə və qalib gəlməyə köklənməliyik.
- Sizcə, bu hesab ədalətli oldu?
- Biz topa daha çox nəzarət etdik, daha çox şans qazandıq. Rəqib isə hər yeri bağlamışdı. Qol vəziyyətlərimiz oldu, vura bilmədik. Uduzduq. Nə etmək olar?
- Baş məşqçi gücünüzü PAOK-la oyuna saxlamağa dair tapşırıq verməmişdi?
- Əsla. Əksinə, demişdi ki, meydana çıxın və qalib gəlin. PAOK-la matç ayrı, "İnter"lə görüş ayrı, çempionat qarşılaşması ayrıdır. Roman Qriqorşuk xəbərdarlıq etmişdi ki, arxayınlaşmaq yox, meydana çıxaraq, qalib gəlmək lazımdır. Meydana çıxan futbolçular da əsas heyət üzvləri idi. Amma alınmadı.