Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan milli komandası oktyabrın 24-də İtaliyaya yola düşəcək. Sportnet.az-ın məlumatına görə, milli komanda İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.
Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prosesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək.
Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Musalov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından o, dünya çempionatında da iştirak etməyəcək.
Azərbaycan millisi İtaliyaya bu heyətlə yollanacaq:
49 kq - Rüfət Hüseynov
52 kq - Elvin Məmişzadə
56 kq - Tayfur Əliyev
60 kq - Albert Səlimov
64 kq - Lorenzo Sotomayor
69 kq - Pərviz Bağırov
81 kq - Teymur Məmmədov
91 kq - Abdulqadir Abdullayev
+91 kq - Məhəmmədrəsul Məcidov.