"Çox ağır oyun keçdi. İlk hissədə biz, ikinci hissədə isə rəqib üstün oynadı. Gərgin və maraqlı oyun oldu". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Əfran İsmayılov deyib.
Azərbaycan Premyer Liqasının VII turunda səfərdə Bakı "İnter"i ilə oyundan danışan yarımmüdafiəçi "bankirlər"in çətin vəziyyətdə olmasına baxmayaraq, vəziyyətlərinin düzəlməyə doğru getdiyini söyləyib: "Gördük ki, yaxşı komanda yığılıb. Artıq vəziyyətləri düzəlir".
Komandada yorğunluğun olduğunu bildirən "Qarabağ"ın 27 yaşlı futbolçusu son günlərdə daha sıx qrafiklə oyunlar keçirdiklərini söyləyib. Xarıladıb ki, çıxış etdiyi komanda 3 gün əvvəl Belçika "Anderlext"i ilə oyun keçirib.
Yarımmüdafiəçi "İnter"lə oyun zamanı mübahisəli penalti epizodu ilə bağlı da danışıb. İsmayılovun fikrincə, həmin epizodda penalti olmayıb: "Təbii ki, hakimdir, özü bilər. Ancaq mənim fikrimcə, penalti yox idi. Hakim qərar verdisə, hörmətlə yanaşmalıyıq. İnsanların şəxsi fikri var. "Neftçi" ilə oyunu deyə bilmərəm, amma "İnter"lə oyunda qapıçı Georgi Lomaya topa oynamışdı".
Qeyd edək ki, "İnter"lə qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.