"Çətin oyun keçdi. Bilirdik ki, çempionatın ən ağır oyunlarından biridir. Qələbə münasibətilə komanda yoldaşlarımı və azarkeşləri təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Elvin Məmmədov deyib.
Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VII turunda "İnter"lə keçirdikləri oyunun ilk yarısında ikinci hissəyə nəzərən daha yaxşı çıxış etdiklərini bildirib. O, baş məşqçi Qurban Qurbanovun əsas heyət üzvlərindən bir çoxuna istirahət verməsini normal hal adlandırıb: "Heyətdə 28 futbolçu var. Hər oyunda fərqli heyət meydana çıxır. Bu, futbolun qanunudur ki, hər kəs oynaya bilməz, kimsə matçı kənardan izləməlidir. Bu mən də, digər komanda yoldaşlarım da ola bilər".
"Qarabağ"ın növbəti turda rəqibi hələ də məğlubiyyət acısı dadmayan "Zirə" olacaq. 27 yaşlı futbolçu meydana qələbə üçün çıxacaqlarını bildirib: "Hər oyunun fərqinə varırıq ki, xal itirməyək. Çünki çempionluğa oynayan komandayıq. Növbəti turda "Zirə" ilə qarşılaşacağıq. Düzdür, biz "Neftçi"yə qalib gələ bilmədiyimiz halda, "Zirə" qələbə qazandı. Futboldur, hər şey ola bilər".
Qeyd edək ki, "İnter"lə qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:0.