Futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində IX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 oyun keçirilib.
Əvvəlcə Gürcüstan millisi Cəbəllüttariq yığmasını qəbul edib. Görüş baş məşqçi Kaxaber Tsxadadzenin komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkə millisi 4:0 hesablı qələbə sayəsində xallarını 9-a çatdırıb.
Gecənin sensasiyası Dublində İrlandiya ilə Almaniya arasındakı qarşılaşmada qeydə alınıb. Matçın taleyini 1 qol həll edib. Meydan sahibləri 70-ci dəqiqədə qələbə topunu vuraraq, final mərhələsi uğrunda mübarizə şanslarını davam etdiriblər. D qrupunda Almaniya və İrlandiyadan əlavə, Polşa da birbaşa vəsiqə şanslarını son tura daşıyıb. Son günlərin ən yaxşı formada olan hücumçusu Robert Levandovski Şotlandiya ilə qarşılaşmada da özünü göstərərək, "dubl" edib. O, ikinci qolunu uzatma dəqiqələrində vuraraq, britaniyalıların final mərhələsinə vəsiqə şanslarını puça çıxarıb.
Eyni hal Rumıniya - Finlandiya qarşılaşmasında da baş verib. Skandinaviyalılar hesabda öndə olduqları vaxt uzatma dəqiqələrində ağır zərbə alıblar. Meydan sahibləri bərabərlik qolunu vuraraq, Finlandiyanı hətta "pley-off" imkanlarından da məhrum ediblər.
Şimali İrlandiyadan əlavə, Portuqaliya da mərhələ adlayıb. Kriştianu Ronaldunun komandasına Danimarka ilə qarşılaşmada qrup liderliyini təmin etmək üçün 1 qol kifayət edib. Albaniya isə Serbiyaya öz meydanında uzatma dəqiqələrində buraxdığı qollarla uduzub. Amma Danimarka qrupda son oyununu keçirdiyindən, Albaniyanın oktyabrın 11-də səfərdə Ermənistanı yenərək, ikinci pilləni ələ keçirmək şansları qalıb.
Qeyd edək ki, Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə təşkilatçı ölkə, Portuqaliya və Şimali İrlandiyadan əlavə, Çexiya, İslandiya, İngiltərə və Avstriya da yüksəlib.
D qrupu
21:00. Gürcüstan - Cəbəllüttariq - 4:0
Qollar: Mate Vatsadze, 30; 45. Tornike Okriaşvili, 35-penalti ilə. Valeri Kazaişvili, 87
Baş hakim: Sergey Boyko (Ukrayna)
Tbilisi, Boris Payçadze adına "Dinamo Arena"
23:45. İrlandiya - Almaniya - 1:0
Qol: Şeyn Lonq, 70
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Dublin, "Aviva" stadionu
23:45. Şotlandiya - Polşa - 2:2
Qollar: Mett Ritçi, 45. Stiven Fletçer, 62 - Robert Levandovski, 3; 90+4
Baş hakim: Viktor Kaşşay (Macarıstan)
Qlazqo, "Hempden Park"
Xal durumu: Almaniya - 19, Polşa - 18, İrlandiya - 18, Şotlandiya - 12, Gürcüstan - 9, Cəbəllüttariq - 0.
F qrupu
23:45. Macarıstan - Farer adaları - 2:1
Qollar: Daniel Böde, 63; 71 - Roaldur Yakobsen, 11
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
23:45. Şimali İrlandiya - Yunanıstan - 3:1
Qollar: Saymon Devis, 35; 58. Joş Macennis, 49 - Xristos Aravidis, 87
Baş hakim: Bas Niyhuis (Hollandiya)
Belfast, "Vindzor Park"
23:45. Rumıniya - Finlandiya - 1:1
Qollar: Ovidiu Hoban, 90+1 - Joel Pohyanpolo, 67
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Buxarest, "Milli Arena"
Xal durumu: Şimali İrlandiya - 20, Rumıniya - 17, Macarıstan - 16, Finlandiya - 11, Farer adaları - 6, Yunanıstan - 3.
İ qrupu
23:45. Albaniya - Serbiya - 0:2
Qollar: Aleksandr Kolarov, 90+1. Adem Lyayiç, 90+4
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Elbasan, "Elbasan Arena"
23:45. Portuqaliya - Danimarka - 1:0
Qol: Joao Moutinyo, 66
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Braqa, "Estadio Municipial"
Xal durumu: Portuqaliya - 18, Danimarka - 12, Albaniya - 11, Serbiya - 4, Ermənistan - 2.