"Neftçi"nin Müşahidə Şurasının üzvü Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" ilə matçda iştirak etməməsinin səbəbini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, xalq yazıçısı oyun günü AFFA-nın vitse-prezidenti vəzifəsində çalışan yaxın dostu Elşad Nəsirovun 55 illik yubileyində tamada olduğunu bildirib.
"Elşad müəllim mənim uşaqlıq dostum və sinif yoldaşımdır. İlk gündən sonadək eyni sinifdə oxumuşuq. Ad günündə tamada idim. Ona görə də elan etdim ki, gələ bilməyəcəyəm. Amma buna baxmayaraq, bütün oyunlarda iştirak etməyə çalışıram" deyə Abdullayev bildirib.
Müşahidə Şurasının sədri "Neftçi"dən imtina etməsi ilə bağlı xəbərlərə sərt reaksiya verib: "İndi istəmirəm ki, o jurnalisti təhqir edim: Kimsə yazıb ki, küsmüşəm, gəlmirəm. Qurtarın bunu! Axı kimdən küsmüşəm? Mən "Neftçi"nin Müşahidə Şurasının sədriyəm. Məgər rektor öz unuversitetindən, baş redaktorunuz öz saytından küsə bilər? Axı bu, gülməlidir?! Necə yəni küsüb? Öz komandamdan necə küsə bilərəm? Gəlmirəmsə, demək, nəsə olub. Amma "Neftçi"nin Avstriya və Türkiyə toplanışlarına da getmişəm. Baxmayaraq ki, işim həqiqətən də çoxdur. Kitab mağazalarından da soruşa bilərsiniz, son 5 ayda tələb edirlər ki, təzə kitabların hardadır? Doğrudan da işim çoxdur. Amma nə edim? Hər oyuna gedirəm. "Qəbələ" ilə oyuna da gedəcəyəm".