Bakı "İnter”inin baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"la səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis heyətlə bağlı problemlərdən şikayətlənib.
"Zədəli, cəzalı oyunçularımız az deyil" deyən Svanadzenin fikrincə, "Sumqayıt”dan xal almaq komandası üçün uğurlu sayıla bilər: "Problemlərin fonunda xal götürmək sevindiricidir. Meydançada olan Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.