Almaniyanın "Borussiya" (Dortmund) klubu Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda qarşılaşacağı "Qəbələ" ilə oyuna ermənistanlı futbolçusu Henrik Mxitaryanı gətirməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Borussiya"nın baş direktoru Hans Yoaxim Vatske
"Bild"ə bildirib.
O deyib ki, komandası oktyabrın 22-də keçiriləcək matçda təhlükəsizlik tədbiri olaraq, Mxitaryansız keçinəcək: "Henrik, güman ki, bizimlə uçmayacaq. Ermənistanla Azərbaycan arasındakı konflikt səbəbindən öz oyunçularımızın təhlükəsizliyinin qayğısına qalmalıyıq. Oyunçu özünü yaxşı hiss etmirsə, bu, nəzərə alınacaq".
"Borussiya"nın meneceri Mixael Tsork isə bildirib ki, 26 yaşlı yarımmüdafiəçiyə vizanın verilməsində də problem yaranıb. Bu da Mxitaryanın son illərdə münaqişəli Dağlıq Qarabağ bölgəsində olması ilə əlaqədardır.
Amma "Qəbələ"nin baş meneceri Zaur Əzizov Sportnet.az-a açıqlamasında Mxitaryanın Bakıya gətirilməyəcəyindən məlumatsız olduqlarını bildirib. O, Azərbaycan paytaxtına gələcək futbolçularının siyahısını oktyabrın 19-da əldə edəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da başlanacaq.