Yaşar Seyidov: "O, daim "Bakı"nın yanındadır"
"Bakı” bu mövsüm I divizonda çıxış edir. Komanda aşağı liqada öz yetirmələri ilə çıxış edir. Azərbaycanın ən gənc heyəti "Bakı”dadır”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
"İdman Azərbaycan” kanalında "Bakı” klubuna həsr olunmuş xüsusi verilişdə çıxış edən Yaşar Seyidov bildirib ki, komandanın məqsədi növbəti mövsüm Premyer Liqada çıxış etməkdir: "Bakı”nın 30-a yaxın gənc futbolçusu müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış edir. Akademiyamız da fəaliyyətini davam etdirir. Yenə də 50-yə qədər uşaq akademiyada qalır, qidalanır, burada təhsillərini davam etdirirlər. Bir neçə aydan sonra "Bakı”nın işləri tam qaydasında olacaq. Azarkeşlər növbəti mövsümdə "Bakı”nı Premyer Liqada görəcəklər. Məqsədimiz yüksək yerlərdən birini tutub, Premyer Liqaya vəsiqə qazanmaqdır”.
Yaşar Seyidov "Atletiko” və "Lans”la əməkdaşlıqdan da söz açıb: "Hər iki klubla əməkdaşlıq davam edir. Komandamızın üzvləri yenə də "Atletiko” və "Lans”ın düşərgəsinə yollanacaqlar. Biz həmin gənclərə böyük ümidlər bəsləyirik”.
Seyidov komandanın prezidenti Hafiz Məmmədov haqda da söz açıb. O, Məmmədovun daim komandanın yanında olduğunu qeyd edib: "Hafiz Məmmədovun Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olub. O, AFFA İcraiyyə Komitəsinin üzvüdür, daim futbolu düşünür. Yayda demək olar ki, istirahət etmədən çalışdıq. Hafiz Məmmədovun sayəsində bütün çətinliklər aradan qalxır. O, komanda üçün böyük işlər görür. Hafiz müəllim daim "Bakı”nın yanındadır. Onun dəstəyi olmasaydı, bu gün "Bakı” olmazdı. Istər I divizondakı, istərsə də aşağı yaş qrupları üzrə bütün komandalarımız ölkə çempionatlarında uğurla çıxış edirlər”.
Seyidov sonda azarkeşlərə də səslənib: "Azarkeşlərimizi daim komandaya dəstək olmağa çağırırıq. Bütün çətinliklər geridə qalır. Azarkeşlər pis gündə də yanımızda olublar. Arzu edirik ki, bundan sonra da komandanı yalnız qoymasınlar”.