
"Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XII turunda "Rəvan"a 2:3 hesabı ilə uduzduqları ev oyunundan sonra deyib.
Gənc mütəxəssis bir müddət öncə verdiyi istefa qərarının üstündə durmadığından təəssüfləndiyini bildirib: "Müqayisə aparsaq, heyətimiz "Rəvan”dan heç də zəif deyil. "Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”.