
"Uzun müddətdir qələbənin olmamasını ayrı-ayrılıqda araşdırmaq lazımdır. Əvvəlki oyunlarda üstünlük bizim tərəfdə olsa da, qalib gələ bilmədik. Buna da belə izah vermişdik ki, sonluğu qoya bilmirik. Bugünkü oyuna gəldikdə isə deməzdim ki, bu oyunda yüz faiz biz qələbə qazanmalı idik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XII turunda "İnter"lə keçirilmiş oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
1:1 hesablı heç-heçə ilə nəticələnən görüş haqda ukraynalı mütəxəssis bunları deyib: "Ola bilsin, bizdə aqressivlik, nəfəs çatmır. Rəqib yaxşı qurulmuş komandadır və çox gözəl oyun sərgilədi. Mən bilsəm ki, sabah harasa gedəcəyəm, burada olduğum müddətdə bütün ürəyimi bu işə qoyaram".
Daha sonra Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb...
- "Borussiya" ilə səfər oyunundan sonra komandada yorğunluq vardı. Buna psixoloji problem də demək olar. Olmazdı ki, "İnter"lə oyunda yorğun olmayan futbolçulara üstünlük verəsiniz?
- Bütün oyunlarda heyəti müəyyən edərkən hər futbolçu ilə ayrılıqda danışırıq, həkimdən məlumat alırıq. Bugünkü heyətdən də heç də narazı və peşman deyiləm.
- "Zirə", AZAL və "Kəpəz"lə oyunlardan sonra demişdiniz ki, qol vəziyyəti yaradırıq, amma istifadə edə blmirik və səhvlər üzərində iş gedəcək. Ancaq ortada heç nə yoxdur. Üstəlik, nə olub ki, bu cür təcrübəli futbolçular oynamırlar. Meydançada sizin futbolçular aqressiya göstərmirdi. Belə çıxır ki, həmin səhvlər üzərində işlənilməyib...
- Mən demişəm ki, bu, səbəblərdən biri ola bilər. Bugünkü oyunda tapşırıqlarıma reaksiyalar vardı. Deyə bilərəm ki, istək çatmadı.
- "Qarabağ"la 7 xallıq fərq yarandı...
- Bəli, xal fərqi çoxdur və bizim üçün çətindir. Amma bu vəziyyəti düzəltmək mümkün olacaq. Anlayırıq ki, yalnız "Qarabağ"a deyil, çempionatdakı digər komandalara qarşı da oynamaq çətindir. "Qarabağ"a da uğurlar arzulayırıq və bu komandaya yüksək hörmətlə yanaşıram.
- Növbəti oyunlarda əvəzedici heyətdən futbolçuların əsas komandaya cəlb olunması mümkündür?
- Bu sistem bizdə var. Əvəzedici komandanın oyunları ilə həmişə maraqlanmışıq. Onların məşqçisi ilə məsləhətləşirik və tövsiyyə etdiyi oyunçunu əsas komandaya göndərir və baxırıq. Gələn il də heyətdə 1996-cı il təvəllüdlü futbolçular olacaq. Bu baxımdan bununla da maraqlanırıq.
- Vaqif Cavadovla Vüqar Nadirov baş məşqçinin sistemnə uyğun gəlmir və oynamırlar. Demək olar ki, hər iki futbolçu komandadan gedəcək?
- Heç kəs demir ki, onlar sistemə uyğun gəlmir. Sadəcə, bu gün üçün hazırdırlarsa, onlar çıxış edə bilərlər. İstərdim Avropa Liqasından yox, Çempionlar Liqasındakı çıxışımızdan danışaq. Ola bilər ki, fikirlərim başqa cür yozulsun. Ona görə də "Qəbələ"dən gedəcəyimlə bağlı sualı şərhsiz saxlayıram.