Bu gecə futbol üzrə AVRO-2016-nın bütün iştirakçılarının adına aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, son 2 vəsiqəyə Ukrayna ilə İsveç yığmaları sahib çıxıb.
Ukrayna millisi Sloveniyanın qonağı olub. Bu görüşə qonaqlar 2:0 hesablı üstünlüklə çıxsalar da, oyunun əvvəllərində qol buraxaraq, final mərhələsinə vəsiqə şanslarını təhükəyə atıblar. Mariborda keçirilmiş qarşılaşmanın son dəqiqələri xeyli gərgin alınıb. Türkiyəli FİFA referisi Cüneyt Çakırın əlavə etdiyi 5 dəqiqəlik bölüm daha 2 dəqiqə uzanıb. Məhz bu zaman Ukrayna millisi əks-hücumdan bərabərlik qolunu vuraraq, Fransaya vəsiqəni rəsmiləşdirib.
Digər görüşdə isə Danimarka İsveçi qəbul edib. Kopenhagendəki "Parken" stadionunda keçirilmiş matça qonaqlar üstün tərəf kimi başlayıblar. Buna səbəb İsveçin doğma meydanda 2:1 hesablı qələbə qazanması olub. Cavab görüşündə də Danimarka məğlubiyyətin əvəzini çıxa bilməyib. Zlatan İbrahimoviçin vurduğu 2 qolun qarşılığını meydan sahibləri eyni sayda qolla versələr də, bu, yetərli olmayıb.
AVRO-2016, "play-off" mərhələsi, cavab oyunları
23:45. Sloveniya - Ukrayna - 1:1
Qol: Bostyan Sezar, 11 - Andrey Yarmolenko, 90+7
Qırmızı vərəqə: Mişo Breçko, 90+3 (Sloveniya)
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun.
Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek
Dördüncü hakim: Mustafa Eyisoy (hamısı Türkiyə)
Maribor. Lyudski stadionu
İlk oyun - 0:2
23:45. Danimarka - İsveç - 2:2
Qollar: Yussuf Poulsen, 81. Yannik Vesterqaard, 90+1 - Zlatan İbrahimoviç, 19; 76
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mullarkey, Stefen Çayld
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Andre Marriner
Dördüncü hakim: Con Bruks (hamısı İngiltərə)
Kopenhagen. Telya Parken.
İlk oyun: - 1:2
Qeyd edək ki, bundan əvvəl Macarıstan və İrlandiya yığmaları "play-off" mərhələsindən qalib ayrılaraq Parisə vəsiqə qazanıb.