Bakıda səfərdə olan Türkiyə milli komandası və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karanın müsahibəsi
- Bakıya dostlarımın dəvəti ilə gəlmişəm. Gəlmişkən, Azərbaycan futbolunun vəziyyəti ilə də tanış olmaq istədim. Sizin futbolçulara Türkiyədə elə də maraq yoxdu. Çünki ən yaxşılarınız PTT 1-ci Liqasında çıxış edir. Super Liqa klubları da buna görə futbolçularınıza maraq göstərmir. Təəssüf ki, Azərbaycandan gəlib bizim çempionatda uğurlu çıxışı ilə yadda qalan oyunçunuz olmadı. Azərbaycan bizim qardaşımızdı. Bu ölkəyə can qurban. Kaş ki, hər il 10 futbolçunuz Super Liqa klublarında çıxış edərdi. Amma bu, bir qədər çətin görünür.
- Oktay Dərəlioğlu və Əhməd Dursun yaşlı vaxtlarında Azərbaycana gəldilər. Onların bizim çempionatdakı çıxışı elə də pis alınmadı. Maraqlıdı ki, sizin qocalar bizdə uğur qazana bilir, bizim cavanlar isə PTT 1-ci Liqadan yuxarı səviyyəyə yüksəlmir...
- Sizin futbolçular özlərinə yaxşı baxmırlar. Keçən dəfə futbolçularınızın biri ilə görüşdüm. Müqaviləsi qarşılıqlı şəkildə pozulub və indi klubsuzdur. Baxıram ki, qarın buraxıb. Adını çəkmək istəmirəm. Amma futbolçu özünə qarşı intizamlı olmalıdı.
- Arda Turan Hülya Avşarın verilişində qonaq olarkən, "saat 8-ə kimi dostlarımlayam, 8-dən sonra isə otağımı çəkilib, istirahətimi edirəm. Həmin saatdan sonra məni heç kim narahat edə bilməz" demişdi. Sizcə, peşəkar futbolçu belə davranmalıdı?
- Arda bir az ağını çıxardıb... Saat 8-dən sonra öz otağıma çəkiləcəm deyə bir şey yoxdu. Ardanın gecə saat 3-də "çorba" içməyə getdiyini də görmüşəm. Futbolçunun şəxsi həyatı olmalıdır. Bu olmadan, insan xoşbəxt ola bilməz. 18-22 yaş arası, yəni, peşəkar futbolçu olacağın zaman diqqətli davranmalısan.
- Bəs, sən necə davranırdın?
- 24 yaşımda "Qalatasaray"a transfer olunmuşdum. "Gənclərbirliyi"ndə çıxış edəndə özümə çox diqqət yetirirdim. Amma mənim də gecə həyatım var idi. Əyləncəni sevən futbolçular arasına girdim. Ancaq mənim bacarıqlarım fərqli idi. Özüməməxsus vuruşlarım vardı. Məşq çatışmazlığımı zamanla bərpa edə bilirdim. İstedadın yoxdusa, heç bir məşqi buraxmalı deyilsən, çalışmalısan.
- "Manisaspor"a Van Basten sayağı qol vurman üçün nə qədər çalışmışdın?
- Mənə görə Türkiyə Super Liqası tarixində vurulmuş ən gözəl qollardan biri idi. Həmin anı heç vaxt unuda bilmərəm. "Qalatasaray"la bağlı xatirələr bitməz. "Barselona", "Liverpul", "Fənərbaxça" ilə oyunlar... Ən unutmadağın an oğlumun dünyaya gəldiyi gün idi. "Qalatasaray"dan ayrılanda çox üzüldüm. Hamı ilə yaxşı münasibətim var idi. 4 komandada kapitan olmağı bacardım. Dostlarım mənə bu etimadı göstərmişdisə, bundan maksimum yararlanmalı idim.
- Qapıçınız Mondraqon da həmin qolu vurduğunuzda gözlərinə inana bilməmişdi...
- Mondraqon elə qolları çox görüb. Məşqdə eləsini o qədər vurmuşam ki...(gülür). Ancaq beləsini oyun zamanı vuranda, adama ləzzət edir.
- Azərbaycanda futbolçu karyerasını başa vurduqdan sonra bir kənara çəkilib, obyekt, restoran işlətməklə həyatına davam edir. Düzdü, futbol həyatını davam etdirənlər də var. Sizdə isə duruma fərqlidi. Futbolçu karyeranızı başa vurduqdan sonra gah şou verilişlərinin aparıcı üzvü, gah da millət vəkili olursunuz...
- Bizdə durum bir az fərqlidi. Çünki tanınmışlar üçün qapılar açıqdır.
- Sabri Sarıoğlu ilə münasibətiniz necə idi? Uzun illərdi komandadadı...
- Onunla tez-tez görüşürük. Yaxşı münasibətimiz var.
- Nə iş görür?
- "Orta yapıyor" (gülür).
- Zarafat deyil, "Qalatasaray"da çıxış etdiyi 12 il müddətində 14 dəfə məşqçi dəyişikliyinə şahidlik edib...
- Doğrudan? Bunu ilk dəfə səndən eşidirəm. Hələ bu harasıdı? O, hələ 3-4-nü də göndərəcək.
- Onun komandada saxlanlma sirri nədədi? Azarkeşlərin sevimlisi olduğu üçün, yoxsa başqa bir səbəbi var?
- Deməli, hələ də komandaya faydalıdı. Onun mövqeyinə ulduz futbolçular transfer oldu, amma formanı Sabri qazandı. Deməli, uşaqda nəsə var.
- Nə dərəcədə "Qalatasaray"lısan?
- Ən yaxşısından...
- "Şükrü Saracoğlu" stadionunda "Fənərbaxça" ilə qarşılaşma necə bir hiss idi?
- O stadionda bir qəribəlik var. Heç cür qalib gələ bilmirik. Bunun səbəbini axtardıq, tapmadıq.
- Həmin arenada çempionluğu elan etmək, bu, "Qalatasaray"ın "Şükrü Saracoğlu"dakı qazana bilmədiyi bütün matçları əvəzləyirmi?
- Onsuz da bu, bəs edir. Bundan sonra qoy, heç "Şükrü Saracoğlu"da qələbəmiz olmasın. Çempionluğu həmin arenada qeyd etdikdən sonra, digərlərinin bə önəmi var ki?
- 0:6-nı unutdurur?
- (duruxur) Unutdurmur. Ancaq kuboku əzəli rəqibin meydanında qaldırmaq hamısından daha yaxşı idi.
- Aleksin yazdığı kitabı oxumamısan?
- Yox.
- Əziz Yıldırma "diktator" deyib...
- Hərənin öz fikri var. Buna görə də, kimisə mühakimə etməyimiz doğru olmaz. İnsanların fikrinə hörmətlə yanaşmaq lazımdı.
- Özün kitab yazmağı düşünmürsən?
- Mən yazsam, daha sərt çıxar...
- Aleks, kitabında Aykut Kocamanın yaxşı məşqçi olmadığını deyib. Bəs sənin üçün "Qalatasaray"da ən yaxşı çalışdırıcılar kimlər idi?
- Mən Mirça Luçesku, Fatih Terim, Erik Gerets, və Mixael Skibbenin rəhbərliyi altında çıxış etdim. Bəxtim onda gətirdi ki, ən yaxşılarla çalışdım. Luçesku möhtəşəm məşqçidi. Fatih Terimin də necə məşqçi olduğunu hər kəs yaxşı bilir. Gerets də əla çalışdırıcısı idi. Sadəcə, Skibbe kimi məşqçiləri təbrik edirəm. Heç bir uğurları yoxdu, amma hər saat klub tapa bilirlər.
- Türkiyə millisi Avropa Çempionatının seçmə məhələsinə uğursuz başlasa da, son anda Fransaya bileti əldə etməyi bacardı. Niyə türklər çətin olanı sevir?
- Fatih hocanın olduğu hər yerdə hər şey ola bilər. Həyəcanı, adrenalini sevirik. Nəbzimiz atmasa, Türkiyədə yaşaya bilmərik. Türklər qəribədi, hər an istənilən nəticəyə imza ata bilərlər.
- Başlanğıca Ümit, ümidini üzmüşdü?
- Düzünü desəm, hə. Məni yanıltdıqları üçün onlara təşəkkür edirəm. İmkansızı bacardılar.
- İslandiya ilə matçın son dəqiqələrində topa yaxınlaşan Səlçuka inanmışdın?
- Onun ifasında dəfələrlə belə qol görmüşük. Düzü, inanırdım, qol vuracağını düşünürdüm. Məsafə uzaq olsa da, bunu bacardı. Onu təbrik edirəm. Həmin qolu vurması yaxşı oldu. Çünki son zamanlarda tənqid hədəfinə çevrilmişdi. Bununla tənqidləri üzərindən atmış oldu.
- 2015-ci ildə Türkiyə futbolunun ən böyük uğuru bu idi, yoxsa Arda Turanın "Barselona"ya transferi?
- Arda Türkiyə futbolunda ən böyük transfer oldu. Bundan əvvəl Rüştü də həmin klubla müqavilə imzalamışdı. Ancaq uğurlu çıxış edə bilmədi. Onsuz da "Barselona" kimi komanda ilə müqavilə imzalamağın özü bir uğurdu. Fərq etmir, oynayırsan, ya oynamırsan. Təsəvvür elə ki, dünyanın 3 ən böyük klubundan birindəsən.
Emin SƏFƏROV (sport7.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |