
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində qəribə olay baş verib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, yığma Çexiyaya qarşı Avropa çempionatının seçmə qrup oyununa U-21-ə qapıçılarla iş üzrə məşqçi təyin olunmuş Rauf Mehdiyevsiz yollanıb.
Buna səbəb AFFA-nın Mehdiyev üçün Şengen vizasını vaxtında ala bilməməsidir.
Ayxan Abbasov U-21-dən əsas milliyə baş məşqçi təyin olunduqdan sonra köməkçilərini də özü ilə aparıb. Bu halda AFFA gənclərdən ibarət yığmanın yeni baş məşqçisi Rəşad Eyyubov üçün təcili köməkçi-məşqçi axtarışlarına çıxıb. Əsas köməkçi qismində Fərid Namazovla, qapıçılarla iş üzrə məşqçi kimi Mehdiyevlə razılıq əldə olunub.
Lakin sabiq qapıçınının Şengen vizasının olmaması səbəbindən milli assosiasiya qeyri-adi qərar qəbul edib. Həmin qərara əsasən, Hüseyn Məhəmmədov U-19 millisindən götürülərək, bir oyunluq U-21 komandasına qoyulub. Çünki aşağı yaş qrupları üzrə digər qapıçı məşqçiləri arasında yalnız onun Şengen vizası olub.
Bu zaman daha bir sual ortaya çıxıb: Bəs U-19 ilə Özbəkistana yoldaşlıq görüşlərinə kim getsin? Baş katib Cahangir Fərəcullayev bu problemi də özünəməxsus formada çözüb. O, AFFA-da qapıçılar üzrə kootdinator vəzifəsində çalışan Faiq Əzizovu baş məşqçi Elxan Abdullayevə qapıçılarla iş üzrə məşqçi kimi "urcah edib".
Əzizov və milli assosiasiyanın bəxti onda gətirib ki, Özbəkistan Şengen ölkəsi deyil. Yoxsa yəqin ki, "Qarabağ"ın qapıçı məşqçisi Elxan Həsənova müraciət etmək lazım gələcəkdi. Çünki Həsənov digər həmkarlarından fərqli olaraq, daimi səfərlərdə olur və hər cür vizaya malikdir.
Beləliklə, Azərbaycanın həm U-21, həm də U-19 milliləri səfərə qapıçı-məşqçisiz yollanma təhlükəsindən xilas olublar. Amma buna da şükür. Əsas odur ki, əsas milli Fransaya qapıçısız və qapıçı məşqçisiz yollanmır. Yoxsa...
Qeyd edək ki, U-21 yığmasının Çexiyaya qarşı Avropa çempionatının seçmə oyunu oktyabrın 10-da Karvina şəhər stadionunda olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Seymur