"Çempionat bitdi. Komandama təşəkkür edirəm. Ağır mövsüm oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bu mövsüm məqsədlərinə çatdırlarını bildirib: "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi. Təhlil etsək, görərik ki, keçən ildən yaxşı olduq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idi. Bu mövsüm 12 komanda arasında mübarizə daha sərt oldu. Xalımız çox oldu. Kubokda da irəlilədik. Gənc futbolçuların inkişafı, yaxşı legionerlərin uyğunlaşması baxımından komanda irəlilədi. Hədəfimiz bu idi".
"Şamaxı"dan son oyununu keçirən Abbasov onun yerinə gələcək baş məşqçidən istəklərini də dilə gətirib: "Rəhbərliyə, futbolçulara, məşqçilərə təşəkkür edirəm. "Qəbələ"yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. Layiqli komandanın qələbə qazanmasını diləyirəm. İnanıram ki, "Şamaxı" rəhbərliyi düzgün qərar verib bu işi davam etdirən bir baş məşqçi ilə razılaşar, bu ildən daha yaxşı olmağa çalışar".










































































