"Oyunun çətin olacağını bilirdim. "Neftçi” və "Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev "Xəzər Lənkəran"ı səfərdə 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.
O, qələbə qazanmaq üçün atdığı addımlardan danışıb: "Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu".
"Neftçi”nin yerli oyunçularının böyük potensiala malik olduqlarını bildirən Abdullayev futbolçuların hər birinə güvəndiyini vurğulayıb. Lakin o, daha yaxşı yerlər uğrunda mübarizə aparmaq üçün bir neçə yeni oyunçuya ehtiyac duyduqlarını açıqlayıb.
Baş məşqçi Samir Əliyevin əvəzedici heyətə göndərdiyi Samir Məsimovla Məhəmməd Qurbanovu əsas komandaya qaytarmasının səbəbini də açıqlayıb: "Futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan, Samir Əliyevin fikrinə hörmətlə yanaşıram. Hər iki oyunçu əvəzedici heyətdə özlərini yaxşı tərəfdən göstərdikləri üçün onları geri qaytardıq”.