"Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm". Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Gəncədə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis nəticədən razı qaldığını bildirib: "Bu cür meydanda baxımlı oyun sərgiləmək çox çətindir. Penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı. Ümumi götürsək, hər iki komanda döyüşdü".
Svanadze klubda maliyyə durumunun normallaşdığını, sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşların verildiyini, digər ayların maaşlarının da vaxtında ödəniləcəyini vurğulayıb.