"Karyeramda ilk dəfə bir epizodda ardıcıl iki dəfə zərbəm tirə dəydi. Özüm də şokdayam". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev "Sumqayıt"la səfərdə keçirdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
O, artıq neçə oyundur zərbələrinin dirəyə və ya tirə tuş gəldiyini və tora düşmədiyini bildirib: "Bundan öncə AZAL və "İnter” ilə oyunlarda belə şansızlıq yaşamışdım. Sonuncu dəfə "Sumqayıt”a qarşı görüşdə eyni hal təkrarlandı. Sadəcə, bəxt imkan vermir qol vurmağıma. İnşallah, "Rəvan”la oyunda meydana çıxsam, bunların əvəzini çıxmağa çalışacağam. Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”.
Qeyd edək ki, 2:2 hesablı bərabərliklə nəticələnən "Sumqayıt” - "Kəpəz” oyunu maraqlı epizodla yadda qalıb. 2-ci dəqiqədə "sarı-göylər”in müdafiəçisi Şəhriyar Əliyev rəqib qapısı önündə qarışıqlıq zamanı eyni epizodda iki dəfə topu tirə vurub. Dünyada nadir hallarda rast gəlinən belə hallarla Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Hamit Altınton daha çox üzləşir.