
"Cari ildə "Krasnodar"ın yalnız bir oyunu qalıb. O da Avropa Liqasında "Qəbələ"yə qarşı olacaq. Biz peşəkarıq və digər oyunlara necə hazırlaşırıqsa, buna da o cür diqqət göstəririk". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin son oyununda "Qəbələ"nin qonağı olacaq Rusiya "Krasnodar"ının müdafiəçisi Raqnar Siqurdsson deyib.
29 yaşlı islandiyalı futbolçu Bakıda keçiriləcək görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Kuban"la derbi ilə "Qəbələ" matçı arasında 6 gün vaxt vardı. Düşünürəm ki, bu müddət ərzində bərpa olunmuşuq və ilin son oyununda var gücümüzlə mübarizə aparacağıq".
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da start götürəcək.







































































