Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu" klubu baş məşqçi Bülent Korkmazı istefaya göndərib. Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssislə anlaşma birtərəfli qaydada pozulub.
Korkmaz bunu Antalyada təlim-məşq toplantısına başlayan komandasının olduğu otelə gedərkən öyrənib. Oteldən ona özü və köməkçilərinin adına nömrələrin ayrılmadığı bildirilib. Təcrübəli mütəxəssis toplanış üçün müəyyənləşdirilən komanda üzvləri siyahısında da olmadıqlarını gördükdə qəzəblənib. O, yazılı açıqlama yayaraq, "Mersin İdman Yurdu" rəhbərliyini aciz, həvəskar, təcrübəsiz və qərəzli adlandırıb. "Böyük kapitan"ın fikrincə, klub rəsmiləri onunla yollarını ayırmadan başqası ilə razılığa gəliblər. Həmin şəxs Hakan Kutludur.
Ötənlərin məşhur futbolçusu bildirib ki, "Mersin İdman Yurdu"nda fəaliyyətə başladıqdan 3-4 həftə sonra ortaya çıxan maddi problem hər həftə böyüyüb. Nəticədə futbolçular məşqə çıxmayıb, təlim-məşq toplanışlarına qatılmayıb və ya toplanışı tərk edib, oynamaq və nəhayət, səfər oyununa getməyiblər. Rəhbərlik isə hər dəfə yalan söyləyərək, türkiyəli futbolçulara ödəniş etməyib. Klub rəsmiləri yalnız legionerlərə cüzi ödənişlə kifayətləniblər.
Qeyd edək ki, Bülent Korkmaz azərbaycanlı futbolçular Qara Qarayevlə Tural Rzayevin "Mersin İdman Yurdu"na transferində israrlı idi. O, 2009-cu il sentyabrın 18-dən 2010-cu il martın 22-dək "Bakı"nın baş məşqçisi olub.