"Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu. Öz azarkeşlərimizə də minnətdarlığımızı bildirirəm. Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlıqlarımız olacaq. 2-ci pillədə olmağımıza baxmayaraq yaxşı bir mövsüm keçirdik. Bu da bizim üçün təcrübə idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 4:3 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Komandada gedəcək və yeni gələcək futbolçular barədə nə deyə bilərsiniz?
- Yaxın günlərdə daha doğru cavab vermək olacaq. İşlər gedir. Xəbərlərimiz olacaq. Rəsmi saytımızda bununla bağlı çəlumatlar olacaq.
- Zakaria Savonun transferi və Elvin Cəfərquliyevlə Ramil Şeydayevin komandadan gedəcəyi ilə bağlı məsələ ilə bağlı son məlumat?
- Elvinlə bağlı hamıya danışığa açığıq. Bizimlə müqaviləsi var. Başqa komanda ilə razılığa gəlinməsə, komandadakı durumuna dair sonra qərar verəcəyik. Ramil barədə də yaxın günlərdə qərar verəcəyik. Zakarianın transferində isə demək olar ki, müsbət irəliləyiş var. Həllolma mərhələsindədir.
- Mövsümə nəzər yetirsəniz, sizə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?
- Haqsızlıq barədə danışmaq istəmirəm. Hakimlik barədə deyirsinizsə, deyə bilərəm ki, onlar üçün ağır bir mövsüm oldu. Onların da yaxşı bir istirahətə ehtiyacı var. Ümumi götürsək, "Qarabağ" üçün uğurlu bir mövsüm oldu. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur oldu.
- "Beşiktaş"ın baş məşqçi siyahısında sizin də adınızın olduğu bildirilir. Bu barədə düşüncələriniz necədir?
- Adımız belə bir klubla çəkilirsə, ancaq təşəkkür etmək olar. Mənim "Qarabağ"la müqaviləm var.
- Bu mövsümü son illərin ən maraqlı çempionatı kimi qələmə verənlər var. Siz necə düşünürsünüz?
- Razılaşmaq olar. Mövqe dəyişikləri oldu. Rəqabət güclü oldu.
- Avropa Liqasında konkret bir hədəf varmı?
- Demək olar ki, Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Bu liqaya da ciddi hazırlaşacağıq. Bacardığımız maksimum nəticəyə imza atmağa çalışacağıq.














































































