"Maliyyə durumuna görə futbolçuların bəzilər məşqə qatılmır. Noyabr və dekabr aylarının pulları ödənilməyib". Bunu Sportnet.az-a açıqlamasında "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Maaşların ödənilməməsi səbəbindən futbolçuların məşqə qatılmadığını deyən B.Həsənov hazırlığın 16 futbolçu ilə davam etdiyini söyləyib: "AFFA-nın xahişini nəzərə alaraq, çempionata qatıldıq. Vəziyyət göz qabağındadır. AFFA bizə pul vermədiyi üçün maaşlar çatmır. Rəhbərlik də bacardığı qədər kömək edir. Hər yerdə gecikmələr olur. Məşqlərimiz davam edir. Futbolçularımızın qərarını gözləyirik. Məşqlərə qoşulmaq istəməsələr, o zaman əvəzedici heyətdən oyunçular dəvət edəcəyik. Premyer Liqa klublarında oynayan futbolçulardan da müraciət var və bizim komandada çıxış etmək istəyirlər. Hələ 2 aydır maaşlar verilmir. Futbolçunun maaşı 3 aydan artıq ödənilmirsə o istənilən yerə keçib, istədiyi yerə şikayət edə bilər. Lakin Ancaq bir az səbr etmək lazımdır. "Rəvan"ın yaxşı vaxtlarında 10-15 min maaş alan futbolçular olub. İndi o demək deyil ki, biz gəmini tərk etməliyik".
Premyer Liqanın sonuncu pilləsində qərarlaşan komandanın baş məşqçisi aşağı dəstəyə düşməyəcəklərini bildirib: "Məşqçi kimi heç vaxt Premyer Liqanı tərk etmək haqda düşünməmişəm. Sonuncu yerdən xilas olmaq istəyiriksə, ilk olaraq ən yaxın qonşumuz "Xəzər Lənkəran"ı məğlub etməliyik. "Xəzər Lənkəran"ın futbolçuları 6 aydır maaş almır. Belə çıxır ki, onlar bizdən daha çox vətənpərvərdilər".