
"Neftçi" klubu Avstriyadakı təlim-məşq toplantısı çərçivəsində Fransanın "Lill" komandası ilə nəzərdə tutulan yoxlama matçından imtina edib. Bu barədə Sportnet.az-a flaqmanın vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Süleymanovun sözlərinə görə, buna hazırlıq planında baş verən dəyişiklik səbəb olub: "Yoxlama matçı iyulun 12-də Zalsburqda nəzərdə tutulmuşdu. Bununla bağlı öncədən razılıq əldə etmişdik. Amma Avropa Liqasının II təsnifat mərhələsindəki ilk oyunumuzun Bakıda olacağı müəyyənləşdikdən sonra planımızda dəyişiklik edərək, Vətənə iyulun 10-da qayıtmağı qərara aldıq. Ona görə də "Lill"lə oyunumuz baş tutmayacaq".
Klub rəsmisi "Neftçi"nin Avstriya toplanışı çərçivəsində son yoxlama matçını iyulun 9-da Çexiya "Prşibram"ına qarşı keçirəcəyini də xatırladıb.
Qeyd edək ki, "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi iyulun 10-da müəyyənləşəcək. Həmin komandanın I təsnifat mərhələsində Çernoqoriyada "Çelik"ə 5:0 hesabı ilə qalib gəlmiş Sloveniya "Çelik"i ola bilər. Amma elə həmin oyunun danışılmış olmasına dair faktlar üzə çıxdığından, hər iki klubun qitə miqyaslı yarışlardan kənarlaşdırılma ehtimalı da var. "Lill"ə gəldikdə, ötən mövsümü bürünc medalla tamamlayan Fransa təmsilçisi əvvəllər 3 dəfə ölkə çempionluğu, 6 dəfə kuboku qazanıb.