
Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov Moldova "Tiraspol"u ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi azarkeşlərə müraciət edib. Müraciətini Sportnet.az saytı vasitəsilə çatdıran bolqarıstanlı funksioner azarkeşləri "Tiraspol"un heyətindəki Artyom Xaçaturova qarşı hər hansı aksiyadan çəkinməyə çağırıb.
O deyib ki, matçın keçiriləcəyi "Şəfa" stadionunda Ermənistan millisinin müdafiəçisinə qarşı hər hansı neqativ addım atılsa, bu, ağır fəsadlarla nəticələnə bilər: "Azərbaycan tolerant ölkədir. 2015-ci il I Avropa Oyunlarının Bakıya həvalə olunması bunu bir daha sübut edir. "Tiraspol"la matçda fanatlar hər hansı neqativ addıma əl atsalar, klubumuza qarşı sanksiya tətbiq oluna, ən azı qitə miqyaslı turnirlərdə ev oyunumuzu "Şəfa"da keçirməkdən məhrum edilə bilərik. Halbuki biz bu arenada rəqiblərimizi qəbul etməyə yenicə icazə almışıq".
Nikolovun sözlərinə görə, "Tiraspol" Bakıya gətirəcəyi heyətə Xaçaturovun da adını daxil edib. Halbuki "İnter"in prezidenti Moldovadakı görüşdən sonra rəqib həmkarı Viktor Tulbaya cavab görüşü üçün heyətdə erməni futbolçunun yer almamasını xahiş edib: "Tulba mənə dedi ki, Xaçaturov aparıcı futbolçu deyil, baş məşqçi Vlad Qoyandan xahiş edəcək ki, onu Bakıya gətirməsin. Amma bizə göndərdikləri siyahıda onun adına rast gəldim".
Nikolov bir daha azarkeşləri diqqətli olmağa çağırıb: "Saytınız vasitəsilə azarkeşlərə müraciət edirəm ki, Azərbaycan futboluna zərər gətirəcək hərəkətə yol verməsinlər".
Qeyd edək ki, "İnter"lə "Tiraspol" arasındakı qarşılaşma iyulun 10-da saat 21:00-da başlanacaq. İlk görüşdə Azərbaycan təmsilçisi səfərdən qələbə ilə ayrılıb - 3:2.