
"Neftçi" və Sloveniyanın "Koper" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünün baş hakimi açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, belaruslu referi Denis Şerbakovdur.
36 yaşlı referi 2012-ci ildə Belarus çempionatında baş tutan "Brest" - "Qomel" görüşündən sonra qalmaqalla üzləşməsi ilə yadda qalıb. Qonaq komandanın futbolçuları və baş məşqçisi Viktor Sokol Şerbakovun oyun boyu onların ünvanına ana-bacı söyüşü işlətdiyini bildiriblər. Doğrudur, sonda bunu sübut etmək mümkün olmayıb. Ancaq "od olmayan yerdən tüstü çıxmaz".
Denis Şerbakov son olaraq Avropa Liqasının I təsnifat mərhələsində Qazaxıstanda "Astana" ilə Ermənistan "Pünik"i arasında keçirilən görüşdə 4-cü hakim funksiyasını yerinə yetirib. Həmin oyunda 2:0 qalib gələn "Astana" növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, "Neftçi" - "Koper" qarşılaşması iyulun 17-də saat 20:00-da start götürəcək.