
Bakının "Neftçi" klubunun büdcəsi ötən mövsümlə müqayisədə yarıbayarı azaldılıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın cari mövsüm üçün nəzərdə tutduğu xərcləri 8 milyon avro civarındadır.
Flaqman rəhbərliyi də büdcənin azaldıldığını qeyri-rəsmi söhbətdə təsdiqləyib. Lakin onlar konkret rəqəm açıqlamaqdan boyun qaçırıblar. Türkiyə mətbuatı isə Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstan "Çixura"sı ilə görüşəcək "Bursaspor"un potensial rəqiblərindən biri kimi "Neftçi"nin 7 milyon 530 min büdcəyə malik olduğunu yazıb.
"Ağ-qaralar" Sloveniya "Koper"i ilə "Bakcell Arena"da oynadığı ilk qarşılaşmada məğlubiyyətlə üzləşib - 1:2. Qardaş ölkə mətbuatı "Koper"in də büdcəsini açıqlayıb. Həmin xəbərdə Sloveniya təmsilçisinin 5 milyon 830 min avroluq büdcəyə sahib olduğu göstərilib. Halbuki "Neftçi"nin növbəti dəfə istefa verən vitse-prezidenti Tahir Süleymanov bir neçə gün öncə Sportnet.az-a açıqlamasında "Koper"in maksimum 2 milyon avroluq komanda olduğunu bildirmişdi.
Qeyd edək ki, "Koper"lə "Neftçi" arasındakı təkrar qarşılaşma ilyulun 24-də Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.