
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Vallletta” klubu ilə keçirəcəyi cavab görüşü öncəsi "Qarabağ"ın futbolçusu Qara Qarayev Sportnet.az-a müsahibə verib...
- "Valletta” ilə cavab görüşü barədə nə deyə bilərsiz?
- Oyuna çox ciddi hazırlaşmışıq. Mütləq qalib gəlməliyik. Səfərdə əldə etdiyimiz qələbə bizi arxayınlaşdırmamalıdır.
- 1:0 inamlı qələbə sayılmır. Bu baxımdan, cavab qarşılaşmasında mərhələ şanslarınızı necə dəyərləndirərdiniz?
- Rəqibimiz çox güman ki, riskə gedəcək. Səfər oyunu olduğundan, bütün imkanlarını ortaya qoyacaqlar. Çətin olacaq, lakin bizim üstünlüyümüz var. Çünki onların meydanında qələbə qazanmışıq.
- Komandanın aparıçı futbolçularından olan kapitan Rəşad Sadıqov və Maksim Medvedevin yoxluğu, Sizcə, bu oyuna təsirini göstərəcəkmi?
- Əlbəttə. Rəşad kapitandır. O, meydanda olanda istər-istəməz öz danışığı, göstərişi ilə bizə təsirini göstərir. Ancaq onların mövqelərində olan futbolçular elə oyun nümayiş etdirməlidirlər ki, meydanda bu futbolçuların yoxluğu hiss olunmasın.
- Mərhələ adlasanız, gələn oyunda "Zalsburq”la qarşılaşacaqsınız...
- "Zalsburq” haqda hələ danışmaq istəmirik. Fikrimiz sadəcə, "Valletta” ilə cavab qarşılaşmasına yönəlib.
- "Qarabağ”ın yerli futbolçuları Ramazan ayı olduğu üçün iftardan sonra meydana çıxacaqlar. Bütün günü aç qalmaq sizdə enerji baxımından zəiflik problemi yaratmayacaq?
- Xeyr. Məncə, problem yaratmaz. Meydanda su da içə biləcəyik. İnşallah, heç bir problem olmaz.
Röya KƏRİMLİ